Ekspert AQTA-nı sərt tənqid etdi: “Koronavirus belə yayılır”

0 Shares

“Qida məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyi ilə bağlı istehlakçıları narahat edən məsələlər var. Məsələn, çörək, çərəzlər, müxtəlif un məmulatları, konfetlər və s. koronavirusun və digər virusların yayılması üçün şərait yaradır. Məsələn, çörək kartof deyil ki, onu yuyub təmizləyək, emaldan keçirmək mümkün olsun”.

Qida texnoloqu Ağa Salamov bildirib ki, koronavirus olmayan vaxtlarda da virus var idi: “Vərəm çöpləri, min cür infeksiyalar, bakteriyalar var. Virus elə bir şeydir ki, səthlərdə-çörəyin üstündə, divarda, hər hansı metalın, dəmirin üzərində yaşamır. Ancaq virus istər göz, ağız və burun vasitəsilə, ümumiyyətlə hava-damcı yolu ilə orqanizmə düşdüyü zaman başlayır yaşamağa və insanları ölümə qədər aparır. Çörəyin qablaşdırılması vacib məsələdir. Müştəri isti və yumşaq çörəyi müəyyən etmək üçün əli ilə məhsula toxunur.

Düzgün qablaşdırılmamış çörək

Marketlərdə qablaşdırılmamış, üstü açıq məhsullar müştərilərə təklif edilir. Balıq məhsulları buzun içərsində satılmalıdır. Amma bu qaydaya əməl edilmir. Müsbət 5 dərəcə temperaturdan yüksək olan yerdə saxlanılan balıqları yemək olmaz. Orqanizmə zərərlidir. Yasamalda “Ət bazarı” adlandırılan yerdə heç bir qaydaya əməl etmədən heyvanları kəsib satırlar”.

Ekspert qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə nəzarət etməli olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini (AQTA) və onun yanında İctimai Şuranı tənqid edib: “Qida məhsullarına nəzarət mexanizmi işləmir. İctimai Şura haqqı deməlidir. Qida zəncirində kobud qırılma var. Bazarlarda antisanitariya vəziyyəti hökm sürür.

AQTA yanında İctimai Şurada Azərbaycanın Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovu görmək istəyirəm. Ölkənin baş kulinarı, qida texnoloqu, qida mühəndisi İctimai Şurada yoxdur. Onu dəvət etməliydilər”.