“Dərman qəbulunda son dərəcə diqqətli olmaq lazımdır” – MÜTƏXƏSSİS Məhsəti Hüseynova FİKİR BİLDİRDİ

0 Shares

“Hər bir insan hansısa dərmanı qəbul etməzdən əvvəl mütləq şəkildə analiz verməli, sağlamlıq vəziyyətini yoxlamalıdır. Həkimlə məsləhətləşdikdən sonra dərman qəbul edilməlidir. Əks halda bəzən ən zərərsiz və hər kəsin qəbul edə biləcəyi dərman kimi görünən antibiotik, ağrıkəsicilər də insan orqanizmində bir çox fəsadlara yol aça bilər”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Mütəxəssis bildirib ki, adıçəkilən dərmanların tərkibindəki hər hansı bir maddəyə qarşı həssaslıq, allergiya olan insanlarda narahatlığa səbəb ola bilər: “Həmçininin lazım olan miqdardan çox qəbul olunan dərmanlar qaraciyərə zərər verə bilər ki, buna görə də mütləq şəkildə həkimlə məsləhətləşərək, dərman qəbul etmək lazımdır. Xüsusilə də bəzi dərmanlar düzgün, sxemli şəkildə qəbul olunduqda insan orqanizminə fayda verə bilər. Əks halda insanlar qəbul etdikləri dərmanlardan lazımi nəticəni ala bilməyəcəklər.

Eyni zamanda bir çox insanlarda dərmanların yan təsirləri ola bilər. Nəzarətsiz şəkildə qəbul edilən bir neçə dərman reaksiyaya girərək də insan orqanizminə zərər vura bilər. Bütün bunlar nəzərə alınaraq, dərman qəbulunda son dərəcə diqqətli olmaq tövsiyyə olunur”.

  • Hüseynli Nərgiz