“Duzun insan orqanizmi üçün bir çox faydaları var”.
Bunu sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.
Lakin o, duzun zərərlərinin də olduğunu diqqətə çatdırıb:
“Duz düzgün şəkildə istifadə olunmadıqda və ya keyfiyyətsiz duzdan istifadə edildikdə orqanizm üçün zərərli ola bilər. İstifadə etdiyimiz duz mütləq şəkildə mənşəyi bəlli olan duzlar olmalıdır. Məsələn, qaya və himalay duzları tövsiyə olunandır. Ümumiyyətlə, az emal prosesi keçmiş duzlar orqanizm üçün daha faydalıdır”.
Mütəxəssis qeyd edib ki, bu gün duz “üç ağ zəhər”dən biri kimi tanınır:
“Nəzərə almaq lazımdır ki, duz gündəlik istehlak edilən məhsullar sırasında olunduğuna görə tərkibinə daha çox müdaxilələr olur. Bu səbəbdən də duzu “ağ ölüm” adlandırırlar.
Çünki duza emal prosesini keçərkən ağardılması, narın hala gəlməsi və uzun müddət qala bilməməsi üçün müəyyən kimyəvi qatqı maddələri əlavə olunur. Bu kimyəvi qatqı maddələri isə həmin duzu qəbul etdikdə insan orqanizmində yığılıb qalır. Nəticədə, qaraciyər və böyrək çatışmazlığına gətirib çıxara bilir”.
Məhsəti Hüseynova risk qrupunda olan insanlara da toxunub:
“Əgər daha çox istehsal prosesindən keçmiş, emal və rafinə olunmuş duz qaraciyər piylənməsindən və böyrək xəstəliklərindən əziyyət çəkən insanlarda daha kəskin ağırlaşmalara səbəb ola bilər. Həmin xəstələr duz istifadə edərkən daha diqqətli olmalıdırlar”.
Hüseynli Nərgiz