Məhsəti Hüseynova – Dünya böhran girdabında, Azərbaycan 35 ton süd məhsulunu məhv edir – Kampaniya keçirilsin!

MƏHSƏTİ HÜSEYNOVA: Bu içkilər 25 yaşadək şəxslərə QADAĞAN EDİLƏ BİLƏR!
0 Shares

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istifadəyə yararsız 35 tona yaxın süd məhsullarını məhv edib. Bu barədə qurumun özü məlumat yayıb.
“Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 34.29 ton çəkidə müxtəlif növ süd və süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

aqta

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis, Məhsəti Hüseynova məhv edilən süd məhsulları barədə öz fikirlərini “Sherg.az”a açıqlayıb. Mütəxəssisin sözlərinə görə, istehlaka yararsız məhsulların məhv edilməsi doğru olsa da, məhsulların miqdarının 35 tona yaxın olması adi hal deyil:

“Bu məhsulların israfıdır. Dünyada böhranların baş verdiyi zamanda süd məhsullarının məhvi onların ərsəyə gəlməsi üçün çalışan işçilərin əməyinin, sərf olunan maddi vəsaitlərin heçə sayılması deməkdir. Bu kimi halların qarşısını öncədən almaq olar. İnkişaf etmiş ölkələrdə məhsullar tələbə uyğun istehsal olunur.

Belə durumlar yalnız məhsulun saxlanılma müddəti bitdikdə və ya doğru şəkildə saxlanılmadıqda baş verir. Saxlanılma müddəti sona yaxınlaşdıqca kampaniyalar hazırlanır və ya endirimli qiymətlərlə istehlakçılara təqdim olunur. Belə kampaniyalar təşkil olunsa, insanlar daha ucuz qiymətə istehlaka yararlı məhsullar əldə edə bilər. Bu sadəcə süd məhsullarına aid olmamalıdır.

Bütün qida məhsullarında diqqətə alınmalıdır. Belə hallar hələ də ölkəmizdə tənzimlənməyib. Yalnız bayram ərəfələrində bu tip kampaniyalara rast gəlinir. Lakin nəzərə almaq lazımdır ki, qida məhsulları gündəlik istehlak olunan məhsullar sırasındadır.

Davamlı şəkildə məhsulların son istifadə tarixinə uyğun olaraq sözügedən kampaniyalar keçirilməlidir”.