Xəbər verdiyimiz kimi, Zaqatalada növbəti dəfə dönərdən zəhərlənmə faktı qeydə alınıb. Belə ki, 3 nəfər (iki kişi, bir qadın) dönərdən zəhərlənmə diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Qeyd edək ki, bu, Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı ilk hadisə deyil.
Belə ki, bu ilin mayında bu rayonda 7- nəfər toyuq dönərindən zəhərlənərək təcili yardıma müraciət etmişdilər. Bu il oktyabrın 11-də isə Qazaxda 18 tələbə dönərdən zəhərlənmişdi.
Bəs dönərdən zəhərlənmələrin əsas səbəbləri hansılardır? Bu halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən qida texnoloqu Ağa Salamov bildirib ki, zəhərlənmələr əsasən, toyuq dönəri ilə əlaqəli olur. Buna səbəbsə dönər ətində salmonella bakteriyasının çoxalmasıdır:
“Problem qida zəncirindəki qırılmalarla bağlıdır. Müəssisələrdə sanitar-gigiyenik qaydalara riayət edilməməsi, aşpazların şəxsi gigiyena qaydalarına əməl etməməsi, əllərin yaxşı yuyulmaması və məhsulların düzgün şəraitdə saxlanılmaması zəhərlənmə riskini artırır. Eyni zamanda, dönərin saatlarla şiş üzərində qalması və ya axşamdan qalan dönərin səhər istifadəsi də çox təhlükədir. Müştəri sayı az olduqda ət uzun müddət açıq havada qalır və onun istifadəsi qida zəhərlənməsinə səbəb olur. Bundan əlavə, mayonezin otaq temperaturunda saatlarla saxlanması da zəhərlənmə riskini artırır”.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məshəti Hüseynova isə bildirib ki, dönər zəhərlənməsində təkcə ətin keyfiyyəti deyil, eyni zamanda onun tam bişməməsi, bişirilmə zamanı alovla birbaşa təması, əriyən yağların alova damlaması və bunun nəticəsində yaranan zərərli qazların təsiri də nəzərə alınmalıdır: Digər bir məqam isə dönərin bişirildikdən sonra sərin temperaturda maksimum 1 saat ərzində saxlanılması və istehlak olunmasıdır”.
Qeyd edək ki, son aylarda AQTA tərəfindən dönərxanalarda hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilib. Ölkə üzrə monitorinq keçirilən 310 müəssisədən yalnız birinin vəziyyəti qənaətbəxş hesab olunub, 309 müəssisədə isə ciddi nöqsanlar aşkar edilib.
Bununla bağlı, AQTA oktyabrın 23-də “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki hüquqi akt hazırlayıb. Lakin bütün bu tədbirlərə baxmayaraq, dönərdən zəhərlənmələr hələ də davam edir.
Bu məqama toxunan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, təəssüf ki, dönərdən zəhərlənmələrin qarşısını almağa çalışan orqan – Qida Təhlükəsizliyi Agentliyi əsasən, ətə fikir verir:
“Ancaq burada digər amillərin də rolu var. Dönərin hazırlanmasında istifadə olunan mayonezlər var ki, onların saxlanma müddəti 4 saatdan artıq deyil. Lakin biz görürük ki, mayonezlər açıq qablarda isti dönərxanalara qoyulur və orada xarab olur. Ən ciddi məsələ bu gündən sabaha saxlanılan dönərlərdir. Dönərlər elə hazırlanmalıdır ki, bu gündən sabaha saxlanılmasın. Hətta soyuducuda saxlansa belə, artıq o, çirklənmiş dönər sayılır.
Əgər biz dönərxanalara getsək, görəcəyik ki, onların kağızları var, hardansa ciddi yerdən alıblar. Lakin heç kim sübut edə bilməz ki, o kağız dönərə aiddir, ya yox. Qida Təhlükəsizliyi Agentliyi bu sahədə iş aparır və dönərxanaları məcbur edir ki, əti AQTA-nın nəzarətində olan yerlərdən alsınlar. Lakin onlar ordan bir sənəd alıb gətirəcəklər və yenə də öz bildiklərini edəcəklər. Yəni dönərxanalar üçün mükəmməl nəzarət mexanizmi yoxdur. İllər öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rayonlarda murdar olmuş heyvan ətlərinin Bakıya daşınmasını ifşa etmişdi. At əti, eşşək əti çoxlu dönərxanalara gətirilirdi və güman edirəm ki, bu, bu gün də davam edir”.
AİB sədri bildirib ki, buna görə Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində dəyişiklik olunmalıdır:
“Mükəmməl yoxlama mexanizmi olmalıdır. Qida Təhlükəsizliyi Agentliyi yalnız planlı yoxlamalar edir ki, bu da kifayət etmir. Bundan əlavə, bu gündən sabaha saxlanmış dönərlərə son qoyulmalıdır. Dönərləri hazırlayıb şişə taxan, onları -40 dərəcədən çox dondurmadan keçirən iki müəssisə mövcuddur. Mərkəzləşdirilmiş qaydada o müəssisələrdən dönərlər alınmalıdır. Bütün bunlar həll olunsa, zəhərlənmələr minimuma enər”.
~ Abbaszadə Fidan