“Qida məhsullarını uzun müddət saxlamaq, xarab olmadan qorumaq və meyvə-tərəvəzləri fərqli mövsümlərdə istifadə etmək üçün qidanın dondurulmasından istifadə olunur. Lakin bu zaman diqqət olunması vacib bir neçə məqam var ki, onlara əməl edilmədiyi təqdirdə qidalar insan orqanizmində bir çox problemlərə səbəb ola bilər. Yaxşı olar ki, meyvə-tərəvəzlər yerli və mövsümündə dondurulsun və mütləq şəkildə xarab olmamış meyvələrdən istifadə olunmalıdır. Meyvələri bütöv şəkildə, bəziləri isə doğranmış və ya tumu çıxarılmış şəkildə dondurmaq olar. Eyni zamanda dondurma prosesində istifadə olunan qablar məhsula uyğun formada seçilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O bildirib ki, məhsulları elə miqdarda dondurmaq lazımdır ki, birdəfəlik istehlaka uyğun olsun: “Bütün dondurulmuş məhsullar bir dəfə donu açılacaq şəkildə istifadə olunmalıdır. Təkrar-təkrar qidanın donunun açılıb istifadə olunması tərkibində dəyişmələrə səbəb olur. Düzgün dondurulan meyvələrdə liflər, vitamin eyni qalsa da, “C” vitaminin miqdarı azalır.
Ev üsulu dondurulma zamanı konsertvant istifadə olunmadığına görə, həmin məhsulların bəziləri 3, bəziləri isə 6 ay ərzində istifadə olunmalıdır.
Zülal tərkibli ət, toyuq və balığın dondurulması zamanı da düzgün qablardan istifadə olunmalıdır. Eyni zamanda ətin tez xarab olmağa meyilli olduğu nəzərə alınmalıdır. Belə ki, -18 dərəcəyə qədər dondurub 6 aya qədər saxlamaq mümkündür. Lakin mal qonşuluğu prinsipi pozularsa, ət düzgün qablaşdırılmazsa, bir neçə dəfə donu açılarsa tərkibindəki zərərli mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaranır. Bu cür məsullar isə insan orqanizmində ağır zəhərlənmələrə səbəb olur”.
- Hüseynli Nərgiz