“Dondurmalar təhlükə mənbəyidir, ehtiyatlı olun!” – Mütəxəssis

Dondurma
0 Shares

Yay aylarında insanların ən çox istifadə etdiyi məhsullardan biri də dondurmadır. Havanın isti vaxtında ən çox yada düşən, meyl edilən dondurmaların keyfiyyəti tələblərə uyğun gəlmir. Bəzən qida zəhərlənmələrinə səbəb olan dondurmalar hansı keyfiyyətdə olmalıdır?

KONKRET.az-ın suallarına Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, qidalanma mütəxəssisi Məhsəti Hüseynova cavab verib:

“Dondurma yayda ən çox istifadə olunan məhsullardan hesab olunur və xüsusilə də süd məhsulu olduğu üçün daha çox xarab olmağa meyllidir. Düzgün hazırlanmayan, saxlanma qaydalarına riayət olunmayan dondurmalar bir çox xəstəliklərə, eyni zamanda mədə-bağırsaq və həzm sistemində pozulmalara səbəb ola bilər. Yay aylarında dondurma alarkən bir neçə detala diqqət etməliyik.

Bəzən satışda açıq şəkildə dondurmalar çəki ilə satılır. Açıq günəş altında satılan dondurmalar daha çox risk qrupuna aiddir. Belə dondurmaların üzərində etiket məlumatları olmadığına görə müəyyən problemlər yaranır. Müştəri məhsulun təzəliyi və köhnəliyi barədə məlumatsız qalır. Bəzən həmin dondurmalarda dadlandırıcılardan, mürəbbələrdən, cemlərdən, eyni zamanda souslardan istifadə olunur ki, bunlar daha təhlükəlidir. Bu halda qarışıq, açıq şəkildə satılan dondurmanın saxlama müddəti iki-üç günü keçməməlidir. Lakin bəzən insanlar satıcının səmimiyyətinə inanaraq buna diqqət etmirlər. İnsan gün ərzində yaranan xoşagəlməz halların məhz nədən qaynaqlandığını bilmir.

Ümumiyyətlə, mənşəyi bəlli olmayan dondurmanın alınması məsləhət deyil. Çünki dondurma süd, qaymaq, kərə yağından hazırlanan məhsuldur. Bu məhsulların isə bazar qiyməti hamıya bəllidir. Deməli, keyfiyyətli məhsulun qiymətində də fərq hiss olunmalıdır.

Lakin bu gün çox ucuz qiymətə dondurmalar satılır. Həmin dondurmalar süddən, qaymaqdan, kərə yağından deyil, kimyəvi qatqı maddələrindən ibarətdir. Bu məhsullar isə artıq kaloridir, eyni zamanda kimyəvi qatqı maddələrilə zəngindir. Bunlar da insan orqanizmində – qaraciyərdə və böyrəklərdə toksinlərin yığılmasına və böyrək çatışmazlığına gətirib çıxarır.

Paketlənən dondurma alan zaman bəzi məqamlara diqqət yetirilməlidir. Bunlar əsasən istehsalçı şirkətin ünvanı, əlaqə telefonu, dondurmanın içindəki məhsulların adıdır. Dondurmanın tərkibindəki süd, qaymaq və kərə yağı məhsulun 70 faizini təşkil etməlidir. Digər 30% isə köməkçi maddələrdən ibarət olmalıdır. Həmçinin paketin üzərindəki markalanma tamlığı pozulmamalıdır. Əgər yazılar pozulubsa və ya dondurmanın özünə xas quruluşu əriyib yenidən dondurulubsa, belə malları almaq tövsiyə edilmir.

Digər məqam – dondurmanı yeyərkən ağızda xoşagəlməz acı dad hiss edilirsə, bu, onun tərkibinin keyfiyyətsiz olduğunun göstəricisidir. Dondurma yayda gün ərzində 150 -200 qramdan artıq qəbul edilməməlidir. Yeməkdən sonra qəbul olunması məsləhət deyil. Yaxşı olar ki, yeməkdən təxminən 2 saat sonra istifadə edilsin. Dondurmadan dərhal sonra və ya əvvəl isti çay və ya hər hansı isti qidanın qəbulu dişlərin və damağın zədələnməsinə səbəb olur”.