Budəfəki maarifləndirici mövzumuz isə dondurma alarkən diqqət etməli olduğumuz məqamlar haqqındadır. Havaların isinməsi ilə insanların dondurmaya olan təlabatı artır. Bu səbəbdən də marketlərlə yanaşı, parklarda, yol qıraqlarında dondurma satışı ilə məşğul olanlara rast gəlinir. Dondurma alarkən mütləq şəkildə qablaşdırmanın üzərində olan etiket məlumatlarını oxumaq lazımdır. Məhsulun istehsal tarixi, yaralılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağ tərkibi diqqətə alınmalıdır. Küçə və parklarda açıq şəraitdə gilizlərdə – qablaşdırılmamış silindr qablarda satılan dondurmaları alarkən məhsulun saxlanma şəraitinə xüsusi diqqət etmək lazımdır. Qeyri-sanitar şəraitdə satılan dondurmalar asanlıqla təhlükəli məhsula çevrilə bilər. Bu cür dondurmaların istehlakı insanlarda qida zəhərlənmələrinə, bağırsaq çöplərinin yaranmasına və digər xəstəliklərə yola aça bilər. Dondurmaların digər qida məhsulları ilə bir yerdə saxlanılması tövsiyə edilmir. Çünki digər qidalarla eyni soyuducuda saxlanılması məhsulun orqanoleptik göstəricilərinə (iyi, dadı), keyfiyyətinə təsir etməklə yanaşı, onun tərkibində mikroorqanizmlərin inkişafına da səbəb olur. Nəzərə almaq lazımdır ki, dondurma istehsalında xammal olaraq istifadə olunan süd mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitdir. Bunun üçün də dondurma pasterizasiya olunmuş süddən hazırlanmalı və istehsal olunduqdan sonra soyuq zəncir prinsipinə uyğun olaraq saxlanılmalı və daşınmalıdır. Dondurma homogen şəkildə olmalıdır. Əgər dondurmanın tamlığı pozularsa və ya istehlak edərkən içərisində buz kristalları müşahidə olunarsa, bu, dondurmanın donunun açıldıqdan sonra təkrar dondurulduğunu göstərir. Həmin məhsulların istehsal tarixi bitməsə belə, istehlakı tövsiyə edilmir. Saxlanma temperaturunun sabitliyi dondurmanın keyfiyyətini təmin edən əsas səbəblərdəndir. Saxlanma temperaturuna riayət etmədikdə bu məhsullarda mikrobioloji proseslər başlayır ki, bu da insan orqanizmi üçün təhlükələrə səbəb olur.
Xüsusilə də mədə-bağırsaq sistemi həssas olan, mədə xorası və xroniki qastrit, diabet xəstəliyi, qaraciyər problemi olan insanlar dondurma istehlak edərkən diqqətli olmalıdırlar. Sutka ərzində 300-400 qramdan çox dondurma yemək tövsiyə olunmur. Çünki normadan artıq istehlak yuxarı tənəffüs yollarının iltihabına, piylənməyə, qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.
Bütün sadalananlarla yanaşı, dondurmanın insan orqanizmi üçün bir çox faydası var. Dondurma yüksək qidalılıq dəyərinə malik, orqanizm tərəfindən asan həzm olunan qida məhsuludur. Onun tərkibi orqanizm üçün faydalı olan süd yağları, proteinlər, karbohidratlar, mineral maddələr, vitaminlər və sair ilə zəngindir. Süd tərkibli olduğundan tərkibində kalsiumun miqdarı yüksəkdir ki, bu da sümüklərin möhkəmləndirilməsi üçün faydalıdır. Keyfiyyətli dondurma istehlakı orqanizmdə sevinc hormonu kimi tanınan serotoninin artmasına səbəb olur.
Dondurma təzə qaymaq dadı verməlidir. Hazırlanma texnologiyasında dondurmanın yağlılığını artırmaq üçün standartlara uyğun olaraq yalnız kərə yağından istifadə olunmalıdır. İstehlak zamanı dondurmanın boğazda acı dad verməsi tərkibinə marqarin və ya bitki mənşəli yağların qatıldığını göstərir. Dondurma məhsulunun keyfiyyəti onun tərkibindən və saxlanma şəraitindən asılıdır.