Diqqət! Bu ətləri almayın – Görün necə gətirilir – Mütəxəssis Məhsəti Hüseynovadan AÇIQLAMA:

0 Shares

Bir müddətdir, Azərbaycana gətirilən dondurulmuş ətlərlə bağlı ürəkaçan xəbərlər almırıq. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vaxtaşırı qeyd edilən məhsullarda uyğunsuzluq aşkar edir. Bu sıraya Ukrayna, Belarus, Braziliya, Rusiya, Monqolustan kimi ölkələrdən gələn dondurulmuş ətlər daxildir. Digər tərəfdən, qida sənayesində istifadə olunan həmin ətlərin ucuz qiymətə alınması, onların insan sağlamlığına fəsadları müzakirə obyektidir.

Dondurulmuş ətlər niyə ucuzdur? Orqanizm üçün hansı təhlükələri var?

Globalinfo.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, başqa ölkələrdən gətirilən dondurulmuş ətlər keyfiyyəti və təhlükəsizliyi baxımından riskli məhsullar sırasındadır:

“Nəzərə almaq lazımdır ki, ət zülal mənşəli qidadır və tez xarab olmağa meyillidir. Eləcə də başqa ölkədən gətirilən zaman soyuq qida zəncirində, hər hansı saxlama rejimində dəyişiklik olarsa, ətin tərkibində mövcud olan salmonella, ekoli və digər bakteriyalar sürətlə çoxala bilər. Nəticədə ətdən istifadə edən insanlarda sağlamlıq problemi yaranar. Həmçinin uzun müddət dondurulmuş məhsullar nisbətən temperatur rejimində açılıb yenidən dondurulursa, zəhərlənməyə və ya həzm sisteminin pozulmasına gətirib çıxarır. Belə ətlər kütləvi heyvandarlıqla məşğul olan ölkələrdə kifayət qədərdir. Heyvan kəsimi çox olduğuna görə, maya dəyəri aşağı düşür və digər tələb olunan ölkələrə ucuz qiymətə satılır”.

Ekspert bildirib ki, dondurulmuş ətlər kolbasa, sosiska və sair kimi məhsulların istehsalı üçün nəzərdə tutulur:

“Bu ətlərin uzun müddət qalması, daşınması üçün onlar mənfi 18 dərəcə, hətta aşağı temperaturda saxlanılmalıdır. Bir çox hallarda yaşı keçmiş yaxud süddən kəsilmiş, kəsim vaxtı ötmüş heyvanlardan əldə olunur. Onların rəngi, dadı, görünüşü, keyfiyyəti, digərlərindən pisdir. Eyni zamanda ətlərin xarab olmaması üçün bəzən konservantlar, qoruyucu kimyəvi qatqı maddələri əlavə olunur. Bu da uzun müddət istifadə etdikdə allergiya və bir çox həzm sistemi problemlərinə yol açır. Bu cür məhsulların təbii ətdən fərqli olaraq, vitamin, mineral, protein dəyəri aşağıdır və orqanizm üçün faydalı deyil. Yaxşı olar ki, istifadə olunan ət mənşəyi bəlli olan, etibarlı yerlərdən alınsın”.

  • Abbaszadə Fidan