“Əgər insanın hər hansı bir xəstəliyi, yaxud hansısa orqanında problem varsa, bu zaman müəyyən pəhrizlər təyin olunur ki, həmin qidalara qarşı həssaslığı olan insanlarda qida allergiyası, xəstəliklə bağlı şiddətlənmə olmasın”.
Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, ancaq sağlam insandırsa, artıq çəkidən əziyyət çəkirsə, belə olan halda həmin orqanizmi normal çəkisinə gətirmək, gün ərzində gümrah olması, daxili orqanların funksiyalarını düzgün yerinə yetirə bilməsi üçün 70-ə qədər makro və mikro elementlərə ehtiyacı var: “Bunlar da qidalar vasitəsilə alınır. Düzgün şəkildə həzm olunaraq orqanizmə ötürülür. Lakin qida rasionumuzu təyin edərkən hansı qidanı nə qədər, hansı vaxtda, necə yediyimiz çox önəmlidir. Hər hansı qida rejimi uyğunlaşdırmalıyıqsa, bu, müəyyən bir vaxtı əhatə edəcək şəkildə deyil, ömür boyu davam edə biləcək şəkildə olmalıdır. Belə olanda insanları həm psixoloji problemlərə gətirməməlidir, həm də stressə səbəb olmamalıdır. O zaman pəhriz heç vaxt yorucu və zərərli olmur.
Yaxşı olar ki, dediyimiz faydalı elementləri almaq üçün gün ərzində qəbul edəcəyimiz qidalar hər insanın fiziki aktivliyinə, iş rejiminə, bədən çəkisinə, gündəlik hərəkətliliyinə, yuxu rejimini nəzərə alaraq eyni saatlarda olması sağlamlığa daha faydalıdır. Miqdarı keçməmək şərtilə qəbul edilməlidir. Xüsusilə də, insanlar səhər yeməyini qəbul edərkən daha çox zülal tərkibli qidalanmalıdırlar ki, bu, əzələ sisteminin möhkəmlənməsinə kömək edir. Bura əsasən yumurta, heyvan mənşəli qidalar, süd məhsulları, süd, pendir, qatıq, yağ kimi qidalar aiddir. Daha sonra çərəzlərdən istifadə edilməlidir. Eyni zamanda da günorta yeməyində 100-150 qr şəklində həftədə 2 dəfə qırmızı ət, 2 dəfə toyuq əti, 2 dəfə balıq əti istifadə etmək şəklində qəbul edilməlidir. Mütləq yanında paxlalılardan istifadə edilməlidir ki, bu da faydalı karbohidratlar və vitamin, mineral baxımından zəngin qidalar hesab olunur.
Daha sonra axşam yeməyi də əsasdır. Ən çox edilən yanlışlardan biri budur ki, bəzən qeyd edirlər ki, 6-dan sonra ümumiyyətlə, yemək qəbul edilməsin. Əgər gün ərzində normal şəkildə qida qəbulu baş veribsə, rejimli şəkildə olubsa, bu tam doğru ifadədir ki, 6-7-də yemək sonlandırılmalıdır. Əgər gün ərzində heç bir qida qəbul edilməyibsə, yaxud qida dəyəri az olan qida qəbul edilibsə, belə olan halda həmin saatlarda yemək vacibdir. Əks halda gələcəkdə vitamin və mineral çatışmazlığı yaşanacaq.
Digər məqam isə su qəbuludur. Su qəbulu günlük orqanizm üçün çox vacib amillərdən hesab olunur. Çünki orqanizm üçün qəbul etdiyimiz bütün qidalar məhz su vasitəsilə parçalanaraq mineral, vitaminləri orqanizmə keçirir. Eyni zamanda, orqanizmdə yığılan toksik maddələr qaraciyərdən su vasitəsilə xaric olunur. Əks halda orqanizmdə dehidratasiya prosesi baş verir. Bu da həm orqanların susuzlaşmasına, həm də orqanizmin erkən qocalması, daxili orqanların funksiyalarının pozulması ilə nəticələnir. Orqanizmdə duz, maye balansının pozulması bir çox təhlükəli xəstəliklərin başlanğıcı kimi özünü göstərir. Belə nəticəyə gəlmək olur ki, hər hansı xəstəlik yoxdursa, yalnız çəki vermək üçündürsə, müəyyən çəkiyə gələnə qədər, nisbətən az kalorili olsa da, vitamin dəyəri bol olan qida çeşidlərindən istifadə etməklə pəhriz saxlamaq olar. Monoton pəhrizlərdən birmənalı şəkildə çəki vermək üçün olsa belə, uzaq durmaq lazımdır. Qarabaşaq, qatıq, detoks adı ilə bir çox hazırlanan qidalardan hər gün eyni şəkildə istifadə etmək orqanizm üçün zərərlidir. Bu, vitamin-mineral balansının azalmasına, gətirib çıxarır. Monoton qidadırsa, bir çox vitaminlərin tamamən ehtiyatını da istifadə edərək orqanizmdə hər hansı vitaminin tamamilə azalması, digərinin isə çoxalması ilə nəticələnir. Bu da zəhərlənməyə səbəb olur”.
“Əgər insanlar müəyyən müddət ərzində rejimli, pəhriz dediyimiz sağlam qidalanma şəklində qidalanırsa, bunu birdən dayandırıb sağlam olmayan qidaya, yaxud da miqdarı artırırsa, bu zaman orqanizmdə yüklənmə baş verir. Birinci növbədə artıq çəkiyə və qaraciyər piylənməsinə səbəb olur. Mütləq birdən-birə qida rejimini dəyişmək düzgün hesab olunmur. Hətta aralıqlı oruc tutan insanlar belə bu period bitdikdən sonra normal qidalanma rejiminə tədricən keçməlidir ki, orqanizm zərər görməsin. Əgər qan azlığı varsa, şəkərli diabetdən əziyyət çəkirsə, ürək-damar xəstəlikləri varsa, xolesterin səviyyəsi dəyişkəndirsə, hipertoniyadan əziyyət çəkirsə, bu xəstələr pəhriz adı altında az qidalanmamalı, uzun müddət ac qalmamalıdırlar. Mütləq bütün insanlar sağlam olması üçün gün ərzində ən azı iki əsas yemək qəbul etmək və bir ara yemək sayılan çərəz, şirniyyat qəbul etməlidir. Bunlar hamısı kalorili qidadırsa, günün birinci yarısında qəbul olunsa, gün ərzində enerjiyə çevriləcək. Diqqət etməliyik ki, axşam qəbul olunan yeməklər tez həzm olunan, az kalorili qidalar olsun” – deyə o, əlavə edib.
- Hüseynli Nərgiz