“Çayı qənd, konfet və yaxud da mürəbbə ilə içmək ziyanlı ola bilər”.
Bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, əgər çay içərkən qənd, konfet və ya mürəbbə həddindən artıq miqdarda qəbul olunarsa, insana zərər verər:
“Belə ki, çayın tərkibində insana fayda verən bir çox antioksidant maddə var. Lakin çayı şirniyyatla qəbul etdikdə, bu təsir azalır. Adətən şirniyyatların tərkibində dondurulmuş yağlardan istifadə olunur. Bu isə həddindən artıq şəkər, doymuş yağ və kalori qəbulu deməkdir. Nəticədə müəyyən sağlamlıq problemləri yaranır. Bu da kökəlməyə gətirib çıxarır”.
Ekspert həm də qeyd edib ki, uzun müddət çayı şirniyyatla qəbul edən insanlarda diabet və ürək-damar xəstəlikləri də formalaşa bilər:
“Bu, süni şəkərdə daha çox özünü göstərir. Ona görə də keyfiyyətli istehsal olunan şəkərdən istifadə etmək tövsiyə olunur. Eyni zamanda, çayı şəkərsiz və şirniyyatsız qəbul etmək onun tərkibində faydalılıq xüsusiyyətlərini daha da artıra bilər. Şirniyyatsız çay içmək isə qanda şəkər səviyyəsini tənzimləməyə kömək ola bilər”.
Mütəxəssis diqqətə çatdırıb ki, xüsusilə təbii yaşıl və qara çaylardan istifadə etdikdə insulin balansı normallaşır, diabet riskini azaldır:
“Bundan başqa, tərkibindəki antioksidant maddələr sayəsində orqanizmdə sərbəst radikallarla mübarizədə əvəzsiz rol oynayır, mərkəzi beyin sisteminin funksiyalarını yaxşılaşdırır və diqqəti möhkəmləndirir. Ümumiyyətlə, çayı günün birinci yarısında və yatmazdan 2-3 saat əvvəl içmək daha faydalıdır”.
- Hüseynli Nərgiz