0 Shares

Müasir həyatın sürətli ritmi insanları tez və rahat yemək seçimlərinə yönəldir. Bu səbəbdən fast food, yəni sürətli xidmət olunan qidalar, xüsusilə gənclər və işləyən insanlar arasında populyardır. Lakin bu qidalar sağlamlıq üçün bir sıra risklər daşıyır.

Fast food məhsulları adətən yüksək miqdarda yağ, duz və şəkər ehtiva edir. Bu, ürək-damar xəstəliklərinin, yüksək qan təzyiqinin və şəkər xəstəliyinin riskini artırır. Eyni zamanda, fast foodda lif və vitaminlər kifayət qədər olmur, bu da həzm sistemi və ümumi bədən sağlamlığı üçün mənfi təsir göstərir.

Fast food bəzən həyatımızı asanlaşdıra bilər, amma sağlamlığımız üçün ciddi risklər yaradır. Bu səbəbdən balanslı qidalanmaq və fast foodu yalnız nadir hallarda qəbul etmək vacibdir.

Mövzu ilə bağlı  Crossmedia.az-a Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova da açıqlama verib:

“Müasir həyat tərzi, xüsusilə işləyən və vaxt məhdudiyyəti olan insanlarda qida seçimlərinə ciddi təsir göstərir. Yeməklərin tez-tez evdən kənarda qəbul edilməsi və əlçatan, lakin mənşəyi və tərkibi bəzən qeyri-müəyyən olan fast food məhsullarına üstünlük verilməsi yeniyetmələr və gənclər üçün ciddi sağlamlıq riskləri yaradır”.

O qeyd edib ki,fast food qidalar adətən həddindən artıq duz, doymuş və trans yağlar, yüksək şəkər və sadə karbohidratlar, həmçinin konservantlar və müxtəlif əlavə qatqılarla zəngin olur. Bir çox hallarda bu məhsullar yarımfabrikat şəklində hazırlanır və düzgün temperatur rejiminə əməl edilmədən saxlanılır ki, bu da qida təhlükəsizliyi risklərini artırır:

“Qida dəyərinin aşağı olması səbəbindən uşaqlarda və yeniyetmələrdə vitamin-mineral çatışmazlığı yaranır; bu isə immun sisteminin zəifləməsinə, inkişafdan geri qalmağa, artıq çəki və piylənməyə gətirib çıxarır”.

O bildirir ki,doymuş və trans yağların çoxluğu ürək-damar xəstəliklərinin riskini yüksəldir. Şəkər və sadə karbohidratların yüksək payı qanda şəkərin dalğalanmasına və xüsusilə II tip şəkərli diabetin formalaşmasına səbəb ola bilər:

“Lif miqdarının azlığı isə həzm pozğunluqları — şişkinlik, köp, qaz və qəbizliklə nəticələnir, maddələr mübadiləsini mənfi təsirləndirir”.

Onun sözlərinə görə,fast food qidaların zərərləri barədə valideynlərin, müəllimlərin və təhsil müəssisələrinin maarifləndirmə işi xüsusi əhəmiyyət daşıyır. Maarifləndirmə sistemli və davamlı olmalı, məktəb və universitetlərdə mütəmadi şəkildə aparılmalıdır: 

“Dərsliklərdə mövzuya yer verilməsi və gündəlik dərs prosesində qısa məlumatlandırmaların edilməsi effektiv yanaşma ola bilər.

Eyni zamanda təhsil müəssisələrində bufetlərdə satılan məhsulların tərkibinə nəzarət gücləndirilməlidir”. 

O hesab edir ki,uzunömürlü, kimyəvi qatqılarla zəngin paketlənmiş məhsulların əvəzinə gündəlik hazırlanan un məmulatları, az riskli sandviçlər, çərəzlər və mövsümi meyvələr təqdim edilməlidir:

“Qazlı və şəkərli içkilərin yerinə təmiz su və çay kimi daha sağlam alternativlərin əlçatan olması təşviq edilməlidir”.

M.Hüseynova bildirib ki,digər mühüm məqam fast food reklamlarının cəlbediciliyidir. Bu reklamların gənclərin sıx olduğu məkanlarda məhdudlaşdırılması və aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılması məqsədəuyğundur:

“Sağlam qidalanmaya sistemli təşviq nəticəsində sağlam Azərbaycan gəncliyi və sağlam gələcək formalaşdırmaq mümkündür”.

  • Nərgiz Hüseynli