Bir neçə gün öncə Belarusda Rusiyanın Belqorod vilayətində istehsal olunan təmizlənməmiş “Sloboda” günəbaxan yağlarının ölkədə satışının qadağan edilməsi barədə qərar verilib.
Bakıvaxtı.az-ın məlumatına görə, bildirilib ki, sözügedən yağlar Gömrük İttifaqının “Qida məhsullarının təhlükəsizliyi haqqında”, “Yağ və yağ məhsulları üçün texniki reqlamentlər”, GOST 1129-2013 “Günəbaxan yağı” texniki reqlamentinin tələblərinə cavab vermir. Maraqlıdır ki, bu gün Azərbaycan bazarında tələblərə cavab verməyən “Sloboda” yağlarının satışı kifayət qədər yüksəkdir.
Görəsən, Azərbaycanda da “Sloboda” yağlarının satışına qadağan qoyulmadırmı?
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, Azərbaycana gətirilən “Sloboda” yağlarında hər hansısa təhlükə aşkar olunmayıb. Buna görə də sözügedən yağların ölkədə qadağan olunması gözlənilmir:
“Rusiyaya məxsus olan “Sloboda” yağlarından uzun müddətdir ki, Azərbaycanda da istifadə olunur. Gömrük ərazisinə daxil olan bütün qida məhsulları Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi və minimum keyfiyyət göstəricilərinə uyğun olaraq laboratoriya analizlərindən keçirilir. Əgər hansısa uyğunsuzluq aşkar olunmursa, məhsulun satışa buraxılmasına icazə verilir. Ölkəmizdə olan “Sloboda” yağlarında hansısa uyğunsuzluq aşkar olunmayıb. Ona görə də narahatlığa heç bir əsas yoxdur”.
M.Hüseynova hesab edir ki, Rusiya və Belarusun geri qaytarılan “Sloboda” yağlarının partiyasının nömrəsini və tarixini ictimaiyyətə açıqlaması doğru yanaşma olar.
- Hüseynli Nərgiz