0 Shares

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə “Yeni Müsavat”a mövzunu belə şərh etdi: 

“Zeytun yağı orqanizm üçün ən faydalı yağlardan hsab olunur. Çünki zeytunun tərkibi A, D, E, K vitaminləri ilə zəngindir. Orqanizm xüsusilə genetik kodlar sayəsində yerli zeytunu tanıyır, buna görə də asan həzm olunur. Mütləq şəkildə mənşəyi bəlli olan istehsal müəssisəsinin məhsullarını nəzərdən keçirmək lazımdır. Bəzən mənşəyi bəlli olmayan, düzgün qablaşdırılmayan, “orqanik” adı ilə satılan zeytun yağları görürük. Buna görə də etiket məlumatlarına diqqət etmək lazımdır. Etiket məlumatlarında istehsalçı müəssisə haqqında ətraflı məlumat-ünvan, qaynar xətt, istehsal tarixi, son istifadə tarixi mütləq yazılmalıdır. O cümlədən istifadə olunan inqridientlər haqqında tam məlumat verilməlidir. Yetişdirmə üsuluna görə yerli zeytunlarımız üstünlük təşkil edir. Daha çox kimyəvi gübrələrdən, sintetik dərmanlardan istifadə olunmadan toplanan zeytunlardan istehsal olunan yağlar daha faydalıdır. Adətən zeytun yağının rəngi sarımtıl yaşıl, yaxud qızılı sarı rəngə çalır. Əgər bulanıqdırsa, bu təbii xüsusiyyətlə bağlı ola bilər. Amma yağ kəskin sarı, ya da kəskin yaşıl rəngdədirsə, bu, qida boyalarından istifadə edildiyinə işarədir. Bəzən yağın dibində çöküntü olur, bu da məhsulun orqanik olmasının göstəricisidir. Qoxusu yeni, xoşagələn zeytun qoxusu olmalıdır. Əgər ümumiyyətlə, qoxu yoxdursa, zəif qoxu gəlirsə, bu, yağın təbii olmadığını göstərir. O ki qaldı dadına, zeytunun dadı hiss olunmalıdır. Amma kəskin dad varsa, acılıq hiss olunursa, bu, əlavə qatqılarla əlaqəlidir. Soyuq sıxım üsulu ilə əldə olunan zeytun yağı daha faydalı hesab olunur. Bundan əlavə, əsasən tünd rəngli şüşədə olan zeytun yağına üstünlük verilməsini tövsiyə edirəm. Bu, yağı işıqdan qoruyur. Eyni zamanda satın alarkən yağın daha sərin yerdə olmasına diqqət edilməlidir. +4 dərəcədə zeytun yağı donur, günəş işığı düşməyən, sərin  yerdə olan yağları seçməliyik. Yaxşı olar ki, əgər uzunmüddətli istifadə olunacaqsa, daha az həcmli yağlar alınsın. Zeytun yağının qapağı açıldıqca oksigenlə reaksiyaya məruz qaldığı üçün yağın tərkibi dəyişir. Bu isə həzm probleminə gətirib çıxara bilər. Ev şəraitində zeytun yağını +15-22+ temperaturda, qaranlıq yerdə saxlamaq olar. Bundan başqa, rəf ömrü daha uzun olan məhsullarda kimyəvi qatqı maddələri  daha çox istifadə olunur, buna görə də rəf ömrü daha az olan məhsullara üstünlük vermək lazımdır”.   

  • Hüseynli Nərgiz