Yeni il ərəfəsində marketlərdə satışa çıxarılan hazır paketləşdirilmiş uşaq hədiyyələri valideynlər üçün rahat seçim kimi təqdim olunur. Parlaq qablaşdırma və müxtəlif şirniyyatlarla doldurulan bu qutular uşaqların diqqətini cəlb etsə də, mütəxəssislər valideynləri diqqətli olmağa çağırır.
Hazır hədiyyə qutularının tərkibində olan paketli qidaların mənşəyi, saxlanma şəraiti və son istifadə tarixləri bəzən ciddi suallar doğurur. Bu cür məhsullar uşaqlar üçün təhlükə yarada bilərmi, zəhərlənmə və allergik risklər mövcuddurmu?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən qida eksperti Məhsəti Hüseynova bildirib ki, uşaqlar hər zaman yüksək risk qrupuna daxil olan yaş kateqoriyasındadırlar:
“Onların qəbul etdikləri qidalarda hər hansı uyğunsuzluq, yaxud həddindən artıq emal olunma prosesi və bir çox hallarda keyfiyyətsiz qida sağlamlıq riskləri yarada bilər. Diqqət ediləcək əsas məqamlardan biri də odur ki, bəzi istehsalçılar məhsulun daha ucuz başa gəlməsi və daha çox gəlir əldə etmək məqsədilə ucuz, bəzən də tanınmış markaların saxta, mənşəyi bəlli olmayan məhsullarını bər-bəzəkli qutuların içində maskalayaraq satışa çıxarırlar. Bir çox hallarda həmin məhsullar aidiyyəti qurumlar tərəfindən hər hansı nəzarətdən keçmir. Keyfiyyətsiz qidalar isə uşaqlarda qida zəhərlənmələrinə, allergik reaksiyalara, eləcə də həzm sisteminin, mədə-bağırsaq fəaliyyətinin pozulmasına səbəb ola bilər”.
Mütəxəssisin sözlərinə əsasən, bu məhsullar adətən qarışıq şəkildə yığılır:
“Saxlama şəraitinə düzgün əməl olunmadıqda, temperatur rejimi pozulduqda, son istifadə müddəti keçmiş və ya istehsal tarixi ümumiyyətlə üzərində qeyd olunmayan məhsullara rast gəlinir. Bu cür məhsullar zərərli və təhlükəli qidalar qrupuna daxildir. Bundan əlavə, cəlbedicilik yaratmaq üçün keyfiyyət sertifikatı olmayan, xırda ölçülü, uşaq orqanizminə zərər verə bilən boyalardan və materiallardan hazırlanmış oyuncaqlar da qutulara daxil edilir. Bu oyuncaqların tərkibində ağır metallar və zəhərli sintetik boyalar ola bilər ki, bu da uşaqlarda zəhərlənməyə, dəri qıcıqlanmalarına səbəb olur. Davamlı təmas zamanı allergiya yarada, uzunmüddətli istifadədə isə zəhərləyici təsir göstərə bilər. Bəzən məhsulların tərkibində olan maddələr, istər kimyəvi, istərsə də təbii komponentlər, xüsusilə çərəzlər (məsələn, fıstıq) uşaqlarda allergik reaksiyalara səbəb ola bilər. Bir çox hallarda bu məlumatların qablaşdırma üzərində qeyd olunmaması ciddi fəsadlara yol aça bilər”.
M.Hüseynova qeyd edib ki, ümumiyyətlə, uşaqlar üçün Yeni il hədiyyəsi alınarkən keyfiyyətli, mənşəyi bəlli, etibarlı istehsalçıya məxsus məhsullara üstünlük verilməlidir:
“Qutunun üzərində içindəki bütün məhsulların siyahısı, tərkibi, istehsal tarixi və saxlama şəraiti göstərilməlidir. Məhsullar uyğun temperaturda saxlanmalı, günəş şüaları altında və ya yüksək temperatur olan yerlərdə yerləşdirilməməlidir. Əgər qutunun içində oyuncaqlar varsa, onlar qida məhsulları ilə eyni paketdə olmamalı, ayrı şəkildə qablaşdırılmalıdır. Həddindən artıq şəkərli şirniyyatlar, doymuş trans yağlar, cips və suxarik kimi atışdırmalıq məhsulların tərkibində çoxlu duz və yağ olur. Bu isə uşaqlarda hiperaktivlik, allergiya, mədə ağrısı, iştahsızlıq və şəkər qəbulunun artması ilə bağlı müxtəlif fəsadlara yol aça bilər. Ona görə də bu məhsullara xüsusi diqqət yetirilməlidir. Bir çox hallarda qutunun içində olan məhsulların üzərində heç bir məlumat olmur ki, bu da onları şübhəli məhsullar kateqoriyasına daxil edir. Çünki qutu yalnız alındıqdan sonra açılır və içəridə uşaq üçün zərərli məhsulun olması ehtimalı yaranır. Valideynlər mənşəyi bəlli istehsalçıların məhsullarını alaraq hədiyyə qutusunu özləri yığa bilərlər.
Hər hansı məhsulda rəng, qoxu və ya görünüş dəyişikliyi varsa, mütləq istifadə edilməməlidir. Uşaqlara bu qidalar verilərkən valideyn nəzarəti vacibdir. Zədələnmiş qablaşdırmada olan məhsulların tərkibi dəyişmiş, keyfiyyəti aşağı düşmüş ola bilər və belə qidaların uşaqlar tərəfindən istifadəsinə icazə verilməməlidir. Əgər uşağın hər hansı allergiyası varsa, məhsullar buna uyğun seçilməlidir.
Oyuncaqların xırda hissələrdən ibarət olması xüsusilə 3 yaşdan aşağı uşaqlar üçün təhlükəlidir və buna da diqqət yetirilməlidir. Hər bir halda mənşəyi bəlli olmayan yerlərdən, açıq şəraitdə satılan və müxtəlif Yeni il şənlikləri zamanı təqdim olunan məhsullara qarşı daha diqqətli olmaq lazımdır. Çünki bu məhsulların bir çoxu nəzarətdən keçmir, şənlikləri təşkil edən şəxslər tərəfindən və ya sifariş əsasında hazırlanır. Ümumi satış şəbəkəsinə daxil olmadıqları üçün nəzarətdən kənar qalır və risk faktorları daha yüksək olur”.
- Fidan Abbaszadə






