“Bu gün hələ də problemlər qalmaqdadır” – EKSPERT Məhsəti Hüseynova’dan AÇIQLAMA:

0 Shares


“Son illərdə qida təhlükəsizliyi sahəsində bir çox yeniliklər mövcuddur. Xüsusilə qanunvericiliyə əlavə olunan təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə əhalinin təmin olunması, eyni zamanda qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin artırılması əsas vəzifələrdən biri kimi müəyyən edilir. Bununla bağlı müvafiq işlərin aparılması üçün müvafiq qurumlarda və vətəndaş cəmiyyətində işlər aparılır. Xüsusilə dövlət qurumu olan AQTA tərəfindən aparılan monitorinqlər və bu monitorinqlərin nəticələrinin açıq şəkildə ictimaiyyətə çatdırılması, bu istiqamətdəki maarifləndirmə işləri bu sahədə görülən mühüm işlərdəndir”. 

Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

O qeyd edib ki, aparılan maarifləndirmə işləri və monitorinqlərə baxmayaraq, bu gün hələ də problemlər mövcuddur: “Buna görə də mütləq şəkildə istehlakçılar da yetəri qədər maariflənməli və mənşəyi bəlli olmayan, keyfiyyətindən şübhə duyulan məhsuldan istifadə etməməlidir. Eləcə də bir çox dövlət gənclər proqramında belə əhalinin sağlam həyat tərzi, sağlam qidalanması ilə bağlı bir çox layihələrə dəstək olunur. Bu da mütəmadi olaraq təhsil müəssisələrində həyata keçirilməklə insanların maarifləndirilməsi işini sürətləndirir.

Digər tərəfdən isə sağlam qidalanmaq üçün də satışda yetərli qədər məhsul çeşidi mövcuddur. Bütün bunlara baxmayaraq gündəlik istifadə olunacaq qidalarda karbohidrat, zülal, yağ, vitamin və mineral dəyəri olan qidalara üstünlük verməyə xüsusilə diqqət etməlidir. 

Sağlam qidalanma zamanı yerli və mövsümi meyvələrdən istifadə tövsiyyə olunandır.

 Belə ki, gün ərzində 3-4 meyvə yeyilməsi məqsədəuyğundur. Süd və süd məhsulları da sağlam qidalanmanın əsas özəyidir. Həmçinin gündəlik su qəbuluna da mütləq diqqət etmək lazımdır”.

~ Abbaszadə Fidan