Rəsmi dövlət statistikasına əsasən, Azərbaycanda kişilərin orta boyu 171-172 sm, qadınlarda isə 164 sm təşkil edir. Maraqlıdır ki, əvvəlki nəsillərlə müqayisədə bu göstəricilərin artmaq əvəzinə bəzi hallarda sabit qalması, hətta müəyyən qruplarda azalması diqqət çəkir. Bu isə “boy yalnız genetikadır” fikrinin nə dərəcədə doğru olması barədə suallar yaradır.
Mütəxəssislərin bir qismi boyun əsasən genetika ilə müəyyənləşdiyini desə də, digər qrup gündəlik qidalanma vərdişlərinin təsirlərinin olduğunu bildirir. Bəs həqiqətən də qidalanma boy artımına təsir edirmi? Əgər edirsə, yeniyetməlik, yəni skelet sisteminin ən sürətlə inkişaf etdiyi dövrdə nələrə diqqət edilməlidir?
Sfera.az-a bu haqda açıqlama verən Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova boy artımının hamiləlik dövründən başlayaraq 18 yaşa qədər davam etdiyini və burada əsas faktorlardan birinin qidalanma olduğunu, bununla yanaşı, sağlam həyat tərzi, fiziki aktivlik və yuxu rejiminin də önəmli rol oynadığını bildirib. Ekspert boy artımının əsasən genetik faktorlarla bağlı olduğunu qeyd edib:
“Boy artımı təxminən 65-70% hallarda genetik faktorlardan asılıdır. Boy artımının düzgün inkişaf etməsi üçün mütləq şəkildə sağlam və balanslaşdırılmış qidalanma vacib şərtlərdən biridir. Burada əsasən yaş kateqoriyasına uyğun olaraq həftədə 2-3 dəfə yumurta qəbul etmək, süd və süd məhsullarından — ayran, qatıq, pendir, kərə yağı kimi məhsullardan daha çox istifadə etmək vacibdir. Mövsümi meyvə və tərəvəzlərin yeyilməsi gündəlik rasionda mütləq yer almalıdır. Hər gün bir ovucu keçməyəcək şəkildə çərəzlər qəbul olunmalı və hər orqanizmin öz tələbatına uyğun olaraq mütləq su içilməlidir. Boy artımında kalsiuma ehtiyac daha çox olduğuna görə bu qidalar seçilir. Bundan başqa, tərkibində D vitamini, dəmir, maqnezium və sink olan qidalar, qırmızı ət, tərəvəzlər, balıq və dəniz məhsulları da önəmli hesab olunur. Boy artımını dəstəkləməklə yanaşı, sağlamlıq üçün zərərli qidalardan, xüsusilə fast-fudlardan (fast-food), rəf ömrü uzun olan, paketlənmiş və kimyəvi qatqılarla hazırlanmış məhsullardan uzaq olmaq lazımdır. Rəngli, qazlı və şəkərli içkilərdən də uzaq durmaq vacibdir”.
Mütəxəssis, eyni zamanda, yuxu faktorunun da önəmli rol oynadığını qeyd edib:
“Çünki yuxu zamanı ifraz olunan təbii hormonlar, yəni boy hormonu birbaşa boy artımına təsir edir. Buna görə 18 yaşa qədər gecə saat 10-11 radələrində yatmaq vacibdir. Xüsusilə yatmazdan əvvəl televizor, kompüter və telefon kimi elektron cihazlardan uzaq olmaq lazımdır, çünki onlar yuxunu gecikdirir və pozur. Vaxtında yatmaq boy artımında mühüm rol oynayır. 1-3 yaş arası uşaqlar 12-14 saat, 4-12 yaş arası uşaqlar 9-12 saat, 13-17 yaş arası yeniyetmələr isə 8-10 saat yatmalıdırlar. Sağlam həyat tərzi və müntəzəm idman da vacibdir. Xüsusilə təbii yürüyüş, qaçış, üzgüçülük, velosiped sürmə və hoppanma hərəkətləri olan idman növləri boy artımı üçün mühüm hesab olunur. Bu gün məktəb bufetlərində satılan paketlənmiş, rəf ömrü uzun məhsullar, şəkərli və qazlı içkilər uşaqların inkişafını ləngidir və boy artımına mənfi təsir göstərir. Bunlar inkişafdan geri qalmağa səbəb olan qidalar siyahısına daxildir və mütləq nəzərə alınmalıdır”.
- Fidan Abbaszadə





