Bizi öldürən ərzaq qatqıları – deputat həyəcan təbili çaldı!

0 Shares

Eyyub Hüseynov: “Ölkəmizdə bu göstəricilər ümumdünya göstəricilərindən ən az 700 dəfə aşağıdır”
Məhsəti Hüseynova: “Sağlamlığa hər hansı şəkildə zərər vuran qidalar birmənalı şəkildə satılmamalıdır”
İnsanın nə yeyib-içməsi onun həm fiziki, həm də əqli, psixoloji durumuna, habelə genefonda birbaşa təsir edir. Son dövrlər dünyada qida təhlükəsizliyi ilə bağlı həyəcan təbili çalınır.

Ərzaqlara insan orqanizminə mənfi təsir edən, xəstəliklər yaradan qatqılar vurulması günümüzün əsas problemlərindən biridir. Xüsusilə gündəlik tələbat malları, yarımfabrikatlarla bağlı bu təhlükə ciddidir.

Məsələ ilə bağlı deputat Fazil Mustafa maraqlı bir açıqlama ilə çıxış edib. Sitat: “Tailandda 6 əmələ görə edam cəzası nəzərdə tutulub. Birinci sırada qida məhsullarına ağır xəstəliyə səbəb olacaq qatqılar vurmaqla vətəndaşların sağlamlığının pozulmasıdır. Bizdə sürətlə artan onkoloji və başqa xəstəliklərin əsas səbəbi budur. Minlərlə insan qırxı, əllini haqlamamış dünyasını dəyişir. İkinci kateqoriyada edam hökmü saxta dərman istehsalı və satışı üçün müəyyənləşib. Sonra narkotika, ardınca yetkinlik yaşına çatmamış qıza təcavüz və xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi cinayətlər gəlir. Demək ki, bizdən fərqli olaraq Tailandda əhalini kütləvi zəhərləməyə yönəlik əməllərə qarşı daha sərt davranırlar. Təbii yağa palma yağı qatanlar, çörəyin tərkibinə hər cür zir-zibil dolduranlar, dərmanların tərkibini dəyişib keyfiyyətini azaldanlar heç də hər məmləkətdə şad-xürrəm yaşamırlar.”

Nəzərə çatdıraq ki, bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi yağlarla bağlı monitorinq aparıb və üzə çıxıb ki, xeyli yağ saxtadır, tərkibi bəlli deyil.

Habelə, süd məhsulları, kolbasa-sosislərlə bağlı belə problemlər daha dəhşətlidir. Qida təhlükəsizliyimizlə bağlı sərt tədbirlər görülməsi mütləqdir.

İstehlakçı hüquqları və Novruz “səbəti” nə dərəcədə qorunur – 10.03.2023, Sputnik Azərbaycan

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda qida zəhərlənmələrinin statistikası düzgün aparılmır, hətta bəzi hallarda gizlədilir. Ekspert qeyd etdi ki, ölkəmizdə bu göstəricilər ümumdünya göstəricilərindən ən az 700 dəfə aşağıdır:

“Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının uzunömürlülər siyahısında 198 ölkə arasında 115-ci yerdədir. 3-cü dünya ölkələri kimi tanınan Şri-Lanka, Banqladeş, Tailand isə bu siyahıda yüksək sıradadır. Bu da onu göstərir ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və digər aidiyyəti qurumların bu sahədə gördüyü iş tam effektsizdir. Bir sıra qida əlavələri-E128, E151, E216, E217, E250 hətta Rusiyada belə qadağan olunub, Azərbaycanda isə istifadəsinə icazə var. Bu da onu göstərir ki, Azərbaycanda insan ömrü arxa plandadır”.

Ə.Hüseynov Azərbaycanda aptek şəbəkəsinin digər ölkələrlə müqayisədə 20 dəfə artıq olduğuna diqqət çəkdi. O hesab edir ki, bunun əsas səbəbi qida təhlükəsizliyimizin tam qorunmamasıdır: “Klinikalarda, xəstəxanalarda hər gün uzun növbələr olur. Heç bir elmi institut vəziyyəti araşdırmır, səbəbləri müəyyən etməyə çalışmır. Azərbaycanda dərman istehsalında peşəkarlıq yox, biznes maraqları ön plandadır. Dərman siyasətini həyata keçirənlər Milli Məclisdə oturublar. Yerli dərman istehsalı üçün şərait var, lakin bununla heç kim məşğul olmur. Nəticəsi isə göz önündədir-Azərbaycan xalqının orta ömrü sürətlə azalır. AQTA 3 ildir ki, yaradılıb, amma yalnız statistikanı gizlətməklə məşğuldur. Keyfiyyət məsələsi isə heç kimi maraqlandırmır. Ümumiyyətlə, qidaların keyfiyyəti ilə bağlı məşğul olan qurum yoxdur. Bu da o deməkdir ki, insanların həyatı təhlükə altındadır. Azad İstehlakçılar Birliyi 26 ildir yaradılıb, mən hələ indiyə kimi qida zəhərlənməsindən əziyyət çəkən vətəndaşın kompensasiya almasına nail ola bilməmişəm çünki həkimlər zəhərlənmə ilə müraciət vətəndaşın nədən zəhərləndiyi barədə məlumat vermirlər”.

Ekspertin fikrincə, sənaye üsulu ilə hazırlanan mallar üçün sertifikatın AQTA tərəfindən verilməsi doğru deyil: “Qida zəhərlənmələri ilə bağlı statistikanı AQTA açıqlayır. Sənaye üsulu ilə bağlı hazırlanmış məhsuldan zəhərlənmə olarsa, istehsalçı sertifikatın AQTA tərəfindən verildiyini göstərir. Digər problem isə müstəqil laboratoriyaların verdiyi sənədin məhkəmələrdə tanınmamasıdır”.

Məhsəti Hüseynova: Sağlam qidalanmanın əsas şərtləri NƏLƏRDİR? – Sağlam Qida

Qida Təhlükəsizliyi Hərəkətanın rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Yeni Müsavat”a şərhində qeyd etdi ki, nəinki Tailandda, dünyanın bir sıra ölkəsində qidalara zərərverici müdaxilələr edilir. Ekspertin fikrincə, gələcək genefondu məhv edən amillərin qarşısı sərt şəkildə alınmalıdır: “Qidalara zərərli kimyəvi maddələr qatılırsa, qidalar süni şəkildə hazırlanırsa, yeniyetmələrin, gənclərin inkişafına zərər vura biləcək amillər varsa, ən azı məlumat şəklində bildirilməlidir. Orqanizmin formalaşmasında 8 yaşına qədər yeyilən qidalar mühüm rol oynayır. 8 yaşdan 25 yaşa qədər isə daxili orqanların, o cümlədən əzələlərin inkişaf etdiyi dövr olduğu üçün qəbul edilən qidaların keyfiyyətli olması vacibdir. Buna görə də məktəblərin bufetində, bağçalarda, eyni zamanda da universitetlərdə satılan qidaların keyfiyyəti mütləq şəkildə yoxlanmalıdır. Sağlamlığa hər hansı şəkildə zərər vuran qidalar birmənalı şəkildə satılmamalıdır. Qida ilə bağlı bu qədər problemlə rastlaşdığımız dövrdə insanlar həm də zərərli vərdişlərə qurşanıbsa, sağlam gələcəkdən danışmaq haqqımız azalır. Aidiyyəti qurumlar monitorinqlər aparmalı, sərt cəzalar tətbiq edilməlidir. Düşünürəm ki, yeni qanun layihələrinin işlənib hazırlanmasına da ehtiyac var”.