“Bir çox kosmetik vasitələr keyfiyyətsiz istehsal olunur” – MÜTƏXƏSSİS Məhsəti Hüseynova DANIŞDI

0 Shares

“Bir çox kosmetik vasitələr keyfiyyətsiz, mənşəyi bəlli olmayan istehsalçılar tərəfindən istehsal olunur. Bu cür məsullara gündəlik istifadə olunan göz və dodaq, dırnaq boyaları, nəmləndirici kremlər, şampun, təmizlik vasitələri və bir çox kosmetik vasitələr aiddir.

Sadalanan bütün vasitələr mütləq şəkildə keyfiyyətli və sertifikatlı məhsullar olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, həssas dəri tipinə malik, allergiyalı, immun sistemi zəif insanlar keyfiyyətsiz məhsullardan istifadə etdikdə qısa bir zamanda məhsul öz mənfi təsirlərini göstərir: “Bu bəzən dəridə səpki, gözdə qaşıntı və yaxud da məhsulun istifadə olunduğu nahiyədə qızarıqlıq şəklində özünü göstərir. Lakin immun sistemi güclü olan insanlarda məhsulun fəsadları dərhal özünü göstərmir, zamanla müəyyən təhlükəli xəstəliklərin yaranmasına səbəb olur.

Eyni zamanda şampun və yuyucu vasitələrin tərkibində istifadə olunan paraben, boya vasitələrindəki süni rəngləndiricilər, spreylər üçün istifadə olunan bir çox kimyəvi maddələr birbaşa olaraq xərçəngə yol açır. Buna görə də yaxşı olar ki, gündəlik istifadə olunan kosmetik və təmizlik vasitələrini seçərkən içərisində kimyəvi maddələrin zərərsiz olanlarına üstünlük verilsin. Bu halda vasitəsinin zərərli təsirlərindən qorunmaq olar. Mütləq şəkildə istehsalçı şirkət, məhsul haqqında tam sertifikatı olan və vaxtı keçməmiş məhsullardan istifadə etmək lazımdır. Bir çox kosmetik məhsulları isə üzərində qeyd olunduğu müddət qədər istifadə etmək lazımdır. Əks təqdirdə məhsul tətbiq olunduğu nahiyədə xəstəliklərə səbəb olacaq”.

  • Hüseynli Nərgiz