Ermənistanın Cənubi Qafqazın ekologiyasını məhv etməsi Azərbaycanla yanaşı, bütün dünya üçün fəlakətlə nəticələnə bilər.
Bunu AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Qida təhlükəsizliyi hərəkatının rəhbəri Məhsəti Hüseynova deyib.
O qeyd edib ki, Ermənistanda aparılan dağ-mədən sənayesi səbəbindən ekologiyaya dəyən zərər hələ də davam edir. Hazırda həmin bölgədəki işlərin hər hansı bir hesabatlılığı yoxdur və şəffaflığa riayət olunmur. Eyni zamanda, ekologiya ilə əlaqədar bütün beynəlxalq standartlar pozulur.
“Ermənistanda fəaliyyət göstərən dağ-mədən sənayesi Cənubi Qafqaz dağlarına da mənfi təsir göstərir, aşınmalara səbəb olur, içməli su ehtiyatları, göllər, çaylarda böyük təhlükə yaradır. Sənaye müəssisələrində torpaq, havanın keyfiyyəti və yeraltı suların vəziyyəti, eləcə də flora və fauna ilə bağlı Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədləri ictimaiyyət üçün tam şəkildə açıqlanmır. Hətta məsələ ilə bağlı məşhur ekoloq Garrett Hardin qeyd edib ki, bölgədə bütün su axarlarının çirklənmə təhlükəsi var”.
İctimai Şuranın sədr müavini vurğulayıb ki, məsələ ilə bağlı ümumi torpaqlardan istifadə hüququnun qanunlara əsasən idarə olunması və aidiyyəti şəxslərin təmkinli şəkildə qarşılıqlı razılaşma əldə etməsi vacibdir.
Ermənistan tərəfi hazırkı vəziyyətə etinasız yanaşır. QHT-lərin Nikol Paşinyana ünvanladığı açıq məktub, “Environmental Protection First” adlı koalisiyanın bəyanatı cavabsız qalıb. Burada məqsəd Espoo Konvensiyasının tələblərini pozmaq və mövzudan yayınmaqdır.
Ermənistan tikinti ilə bağlı dialoq və qərar qəbuletmə proseslərində fəal iştirak etməli, zərərin həcmini ölçmək və potensial həllərin müəyyənləşdirilməsi üçün beynəlxalq QHT-lər və region ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələrini cəlb etməli, eləcə də texniki ekspertiza, monitorinq və qiymətləndirmə aparmaq üçün əlverişli mühit yaratmalıdır.
“Ermənistan isə məlumatları rəsmi qurumlara təqdim etmək əvəzinə, media vasitəsilə beynəlxalq ictimaiyyəti mümkün təsirlərin minimal olacağı ilə bağlı inandırmağa çalışır. Təəssüf ki, bu mövqe Espoo Konvensiyasının tələblərinə ziddir. Bu ölkədə fəaliyyət göstərən dağ-mədən sənayesinə müasir texnologiyalar cəlb olunmalı və bu prosesdə birmənalı şəkildə Azərbaycan tərəfinin də iştirakı təmin edilməlidir.
Birləşmiş Millətlər Təşkilatının “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri” hasilat sənayesi də daxil olmaqla, biznesdə məsuliyyətli davranışı təşviq edilməlidir. Bu prinsiplər şirkətlərin insan hüquqlarına riayət etmələri, ətraf mühitə mənfi təsirlərin qarşısının alınması və təsirə məruz qalmış icmalarla şəffaf olmalı, Arazdəyəndə (Yerasx) metallurgiya zavodunun tikintisi ilə məşğul olan bütün maraqlı tərəflərin öz fəaliyyətlərini bu prinsiplərə uyğunlaşdırması vacibdir”, – deyə Məhsəti Hüseynova əlavə edib.