Xəbər verdiyimiz kimi, ölkəmizdə “Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti bahalaşıb. Bahalaşma xəbərləri bununla bitmir. Bu dəfə isə ətin qiymətinin artması xəbəri böyük müzakirələrə səbəb olub. Alıcılar qeyd edirlər ki, bazarda qoyun əti 7-8, quzu əti isə 15-16 manatdır. Bundan əvvəl isə quzu əti 13-14 manat olub.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Metbuat.az-a bildirdi ki, bayramdan sonra qiymətlərin qalxması gözlənilən idi:
“Ümumiyyətlə, bir qayda olaraq əsasən bayramlarda bəzi mallarda, xidmətlərdə qiymətlərin qalxması olur. Bundan sonra isə qiymətlər enmir. Yəni biznes qurumları qiymət artımından sui-istifadə edirlər. Təəssüf ki, ölkəmizdə də bir dəfə qalxan qiymət də heç vaxt enmir. Qurban bayramı ərəfəsində hökumət, Qida Təhlükəsizliyi Agentliyi effektli iş apardı, qiymətlərin aşağı qalması üçün müəyyən işlər görüldü. Əlbəttə ki, bu, müvəqqəti olacaqdı. Çünki bazar öz qanunu ilə – tələb və təkliflə işləyir. Ətin qiymətinin qalxması labüddür, bu, davam edəcək. Səbəbləri budur ki, əhali heyvan saxlamaqdan imtina edir. İnsanlar ağır kənd təsərrüfatı işlərindən uzaqlaşmaq istəyirlər. Yemlərin, onları əkib-becərmək üçün lazım olan resursların bahalaşması da buna təsir göstərən amillərdir”.
Digər məsələ isə heyvandarlıq üçün lazım olan torpaq sahələrinin azalmasıdır. Bundan başqa, heyvandarlıq sahəsi getdikcə təmərküzləşir – heyvandarlıq firmalarının əlində birləşir. Bu da qiymətlərin kartel sövdələşmələri ilə diktə olunmasına gətirib çıxarır. Xüsusən də, qiymətlərin qalxmasında kartel sövdələşmələrinin xüsusi rolu var. Düşünürəm ki, bu təmərküzləşmə getikcə davam edəcək”.
Məsələnin həllinə gəlincə, ekspert düşünür ki, kooperasiya haqqında qanunun işləyəcəyi təqdirdə müəyyən tədbirlər görülə bilər:
“Bu məsələr o vaxt həllini tapa bilər ki, kooperasiya haqqında qanun işləsin. Kəndlilər təsərrüfatlarını birləşdirsinlər, azad olunmuş torpaqlarımızda böyük heyvandarlıq kompleksləri tikilsin və istifadəyə verilsin. Bunlardan sonra qiymətlər aşağı düşə bilər. Əks halda bu vəziyyət davam edəcək.
Qeyd edim ki, cənab Prezidentin də dediyi kimi ölkədə kartel sövdələşməsi var. Bu məsələ mövcuddur, amma buna qarşı mübarizə aparan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təəssüf ki, heç bir iş görmür”.
Gülər Seymurqızı