“Yay aylarında balıq yemək olarmı məsələsi çox müzakirə olunan bir mövzudur. Ümumiyyətlə, yay ayında balıq yeməyin zərərli olduğu ilə bağlı səhv fikirlər mövcuddur. Bu mövzu ilə bağlı bir neçə əsas məqamı nəzərə almaq lazımdır”.
Bu sözləri SİA-ya açıqlamasında Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.
Onun sözlərinə görə, balıq yüksək protein, omeqa-3 yağ turşuları, vitaminlər və minerallarla zəngin olan qida mənbəyidir: “Balığın insan sağlamlığı üçün faydaları saymaqla bitməz. Bu həm qış, həm də yay aylarında eynidir. Yay aylarında balıq yeməkdən imtina etmək üçün tibbi məhdudiyyət yoxdur. Ancaq bəzi hallarda insanlar yayda balıq yeməkdən çəkinirlər. İsti hava şəraitinə görə balığın tez xarab olma riski daha yüksəkdir. Bu səbəbdən, yayda balıq alarkən və bişirərkən daha diqqətli olmaq vacibdir.
Balığın təzəliyi yayda daha böyük əhəmiyyət daşıyır. Yay aylarında yüksək temperatur balığın daha tez xarab olmasına səbəb ola bilir. Buna görə də balığı etibar etdiyiniz məkanlardan almaq və onu düzgün saxlamaq çox vacibdir. Balıq alarkən onun qoxusuna, dərisinin və gözlərinin parlaqlığına diqqət yetirmək lazımdır. Təzə balıq xoş qoxuya malik olmalı, dərisi möhkəm və gözləri parlaq olmalıdır. Balığı aldıqdan sonra mümkün qədər tez bişirmək və ya dondurmaq məsləhətdir. Bişirməzdən əvvəl balıq yaxşı təmizlənməli və təmiz su ilə yuyulmalıdır. Bişirmə zamanı balığın tam bişməsinə diqqət etmək lazımdır. Düzgün bişirilmədikdə balıqda bakteriyalar çoxalmağa başlayır. Balığın daxili temperaturunun 63°C-yə çatdığından əmin olmalıyıq.
Bundan əlavə, yay aylarında balıq yeyərkən, bəzi balıq növlərinin civə tərkibinin yüksək olduğunu unutmamaq olmaz. Bu növ balıqları tez-tez yemək, uzun müddət ərzində sağlamlıq problemlərinə səbəb ola bilir. Buna görə də yayda da balıq yeyərkən düzgün seçim etmək lazımdır. Yekun olaraq yay aylarında balıq yemək təhlükəsiz və sağlamlıq baxımından faydalıdır. Ancaq təzəlik, düzgün saxlama və bişirmə üsullarına xüsusi diqqət yetirilməlidir”.
~ Abbaszadə Fidan