Artıq yay fəsli özünün ən isti üzünü göstərir. İnsanlar istirahət etmək üçün ən sərfəli yer olan çimərliklərə üz tuturlar. Dəniz kənarına gedən insanların çoxu evdən süfrə və üstünü bəzəyəcək növbənöv qidalar götürürlər. Havanın isti olmasını nəzərə alsaq, insanlar dəniz kənarında qidalanan zaman böyük yanlışlıqlara yol verirlər. Bəzən havanın isti olması deyil, yanlış qidanı yeyib dənizdə üzmək səhətimizə pis təsir edir. Qeyd etmək lazımdır ki, yanlış qidalanma zamanı insan nəinki zəhərlənə, hətta həyatını belə itirə bilər.
Mövzu ilə bağlı həkim-terapevt Sübhan Hacıyev Publika.az-a açıqlamasında qeyd edib ki, əsasən insanlar daha çox günün qızmar vaxtlarında çimərliyə üz tuturlar:
“Yəni, gündüz saat 11-dən axşam saatlarına qədər dəniz kənarında olurlar. Bu saatlarda isti günəş altında olmağımız özü də böyük riskdir. Hər saatda D vitamini adı altında dənizdən çimib, günəş altına uzanmaq olmaz. Qidalanmaya gəldikdə isə ağır kalorili qidalardan uzaq durmaq lazımdır. Bura ət məhsulları, xəmir xörəklər və ədviyyatlı qidalar aiddir. Qarpız, pendir və yemiş kimi qidaların yeyilməsi arzuolunandır”.
Həkim çimərlik üçün ən uyğun qida seçiminin tərəvəz və su olduğunu diqqətə çatdırıb:
“Bir çox insanlar yumurta və sosiska qaynadıb dənizə aparırlar. Hisə verilmiş qidalar, yumurta və turşular birmənalı olaraq çimərlik qidası deyil. İsti hava səbəbindən qidalarda müxtəlif reaksiyalar gedə bilər. Bu da insan sağlamlığı üçün zərərlidir. Bundan əlavə həmin qidalar mədə-bağırsaq infeksiyalarına yol aça bilər. Bəzi insanların dənizdə halı pisləşir. Elə bilirlər ki, havanın istisindəndir. Lakin hər zaman belə olmur. Çimərlikdə olan ishal, qusma, ürəkbulanma, halsızlıq kimi hallar hər zaman gün vurmadan deyil. Ona görə də çimərliyə qida aparan zaman son dərəcə diqqətli olmalıyıq”.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, yay mövsümündə qida zəhərlənməsindən qorunmaq üçün xüsusilə açıq hava və çimərliklərdə yediyimiz qidalara diqqət etməliyik:
“Çünki isti havada bir çox qidanın tərkibində fiziki və kimyəvi dəyişikliklər olur. Bu da insan orqaniziminə zərər verməklə yanaşı birbaşa zəhərlənməyə də gətirib çıxarır. Yaxşı olar ki, dənizə gedərkən birinci növbədə səhər yeməyimizi evdə yeyək. Səhər yeməyində yumurta, süd məhsulları və tərəvəzlə qidalanma məqsədə uyğundur. Qidaların tərkibinə isə diqqət etməliyik. Çimərliyə enerji verən və uzun müddət xarab olmayan qidalar aparmalıyıq. Bunlara aşağı risk qrupuna aid olan və insana bol enerji verən quru meyvələr və çərəzlər aiddir”.
Mütəxəssisin sözlərinə görə, çimərliyə aparılan bişmiş qidalar mütləq qısa vaxt ərzində yeyilməlidir:
“Həmin qidanın da tərkibi qarışıq olmalı deyil. Əgər ət və tərəvəzi birlikdə bişirib çimərliyə aparmaq istəyiriksə mütləq onu soyuducuda aparmalıyıq. Əks halda məsləhət görünmür. Çünki məhsullar 1-2 saatdan çox isti havada qalarsa tərkibi dəyişəcək. Qidanı qəbul etdikdə şişkinlik və köpə səbəb olacaq. Bəzən immun sistemi yüksək olan insanlarda zəhərlənmə olmur. Onun əvəzinə həzm sistemində narahatlıq olur. Həmçinin çimərliyə qızardılmış yeməklərin götürülməsi məsləhət görünmür. Çünki qızardılmış yağda hazırlanan qidalar isti havada tərkibini dəyişir. Kanserogen maddələrin yaranması başlayır ki, bu da bir çox ağır xəstəliklərin yaranmasına səbəb olur”.
M.Hüseynova əlavə edib ki, çox hallarda insanlar maye qəbul etməyi unudurlar:
“Lakin adi gündə azı 8-9 stəkan su içməli olduğumuzu nəzərə alsaq çimərlikdə bundan daha çox su içilməlidir. Hazır alınmış qazlı içkilər gəlincə günəş altında qaldıqda tərkibi dəyişir, bu da 20 yaşa qədər olan gənclərdə əqli və fiziki inkişafın ləngiməsinə səbəb olur. Yaxşı olar ki, dəniz kənarında pendir, pomidor, xiyar və kahıdan istifadə edilərək qəlyanaltılar hazırlansın. Həm də qidalanacağımız bütün məhsulları günəşin şüasından qorumalıdır. Ümumiyyətlə, çimərlikdə qidaların saxlama şəraitinə ciddi şəkildə əməl olunmalıdır”.