Azərbaycanda ən çox istifadə olunan qida məhsullarından biri də kərə yağıdır.
Kərə yağından yeməklərdə, səhər yeməyində və şirniyyatların hazırlanmasında çox istifadə olunur. Ancaq istehlak bazarında kərə yağından çox marqarin və spred yağlarına rast gəlir.
Rəsmi məlumata görə, Azərbaycan əsas tədarük bazarından marqarin idxalını kəskin artırıb.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə bildirib ki, xüsusilə un məmulatları və digər qida məhsullarının əksəriyyətinin tərkibində marqarından istifadə olunur:
“Marqarin yağ kimi ilk dəfə 19-cu əsrlərdən kəşf olunsa da, bu gün demək olar ki, istifadə olunan bir çox yağların yerinə keçib. Bu, heç də onun sağlamlıq üçün faydalı olması demək deyil. Sadəcə olaraq həm ucuz başa gəldiyinə, həm də məhsulların xarab olmasını gecikdirdiyinə görə ondan daha çox istifadə olunur. Amma təbii ki, əvvəllər bunun zərərləri barədə o qədər düşünülməsə də, bu gün artıq bir çox təhlükəli xəstəliklərinin yaranmasına səbəb olduğunu və xüsusilə də ürək-damar xəstəlikləri yaratdığı görünür”.
Mütəxəssis bildirib ki, təbii kərə yağının tərkibində təbii mənşəli trans yağlar olsa da, bu, insan orqanizmi tərəfindən qəbul olunur:
“Lakin marqarin daha çox bitki yağlarından hazırlanır və hazırlanma zamanı müəyyən emal prosesi keçdikdən sonra kərə yağının konsentrasiyasına oxşar hal alır. Ona görə bəzən ona kərə yağı aramatizatoru vuraraq kərə yağı adı altında nisbətən ucuz qiymətə satırlar”.
M.Hüseynova bildirib ki, kərə olmayan yağlar ürək-damar xəstəliklərinə, sinir sisteminə, mərkəzi beyin sisteminə zərər vurur:
“Xüsusilə də yağ insan orqanizmində enerji mənbəyi olduğu üçün faydalı yağlardan istifadə olunmalıdır. Faydalı yağlardan istifadə olunmadığı halda immun sisteminin aşağı düşməsinə, 20 yaşa qədər olan gənclərdə, yeniyetmələrdə inkişafdan geri qalmağa gətirib çıxarır. Əsasən də maddələr mübadiləsinin pozulmasına səbəb olur. Eyni zamanda, onkoloji xəstəliklərin yaranmasında da əsas rol oynayır. Damarların sərtləşməsinə və qalınlaşmasına gətirib çıxarır ki, bu da qəfil ürəktutmalarına, ürək-damar xəstəliklərinə səbəb olur. Xüsusilə də uzun müddət davamlı şəkildə marqarındən istifadə edən insanlarda enerjinin aşağı olması, hormonal balasının pozulması, həyat eşqinin olmaması və eyni zamanda, bioloji qocalmanın sürətlənməsi də baş verir”.
M.Hüseynova vurğulayıb ki, bu gün mağazalarda satılan “fast food” qidaların, peçenye və digər məhsulların, ucuz, mənşəyi bəlli olmayan şokoladların tərkibində marqarin yağına rast gəlmək olur:
“Gündəlik istehlakda marqarindən və marqarin tərkibli qidalardan istifadə olunur. Ancaq çalışmaq lazımdır ki, gün ərzində az miqdarda mənşəyi bəlli olan kərə, nehrə və yaxud təbii bitki, xüsusilə də zeytun yağından istifadə edilsin. Təbii, ənənəvi qaydada hazırlanıbsa, digər bitkilərin də yağı orqanizmə fayda verə bilər”.
M.Hüseynova qeyd edib ki, təbii, mənşəyə bəlli olan yağlardan qida hazırlayarkən onu uzun müddət və yüksək istiliyə məruz qalmamasına diqqət edilməlidir:
“Çünki istiliyə məruz qaldıqda, keyfiyyətli yağ olsa belə, tərkibində artıq kanserogen maddələr əmələ gələr ki, bu da insan orqanizminə zərər verər”.
- Hüseynli Nərgiz