Avokado sağlam qidalanmada nə qədər vacibdir? – Mütəxəssis Məhsəti Hüseynova AÇIQLADI:

0 Shares

Avokado son illərdə sağlam qidalanma tendensiyalarının ayrılmaz hissəsinə çevrilmiş, tərkibindəki faydalı yağlar, vitaminlər və minerallarla tanınan tropik meyvədir.

Xüsusilə ürək-damar sağlamlığı, dərinin qorunması və immun sisteminin gücləndirilməsindəki rolu ilə dietoloqların diqqət mərkəzindədir. Qidalanmada getdikcə daha çox yer alan bu meyvə haqqında fikirlər bəzən miflərlə də qarışır.

Bəs avokadonun əslində sağlamlığa təsiri nə qədər elmi əsaslara söykənir?


Bu suallara aydınlıq gətirmək üçün mövzu ilə bağlı Operativ Media-ya qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, son illərdə daha çox dəb halını almış qidalar, xüsusilə də sağlam qidalanmada əvəzsiz qida kimi göstərilən avokado tərkibinin zənginliyinə görə faydalı hesab olunur, lakin əvəzsiz deyildir.

Onun sözlərinə görə, tərkibində vitamin və minerallarla zəngin olması, xüsuilə də yağ tərkibli E vitamini, K, C və B qrup vitaminlərinin olması onu daha da faydalı edir. Eyni zamanda avokado anti-oksidant maddələrlə zəngin olması orqanizmdə baş verən iltihabi prosesləri azaltmaqda çox faydalıdır. 

“Ürək-damar xəstəlikləri riskini aşağı salır, hüceyrələri sərbəst radikallardan qoruyur. Ən önəmlisi isə onun tərkibində mono-doymamış yağ turşularının olması ürək-damar üçün faydalıdır.

Günümüzdə ən çox rast gəlinən xolesterol problemini avokado pis xolesterol kimi tanınan (LDL) səviyyəsini azaldır, yaxşı xolesterol kimi tanınan (HDL) səviyyəsini artırır.

Eyni zamanda beyin, göz və dəri sağlamlığı üçün çox faydalıdır. Dərinin elastikliyini və nəmliyini artırır. 

Avokado gün ərzində müəyyən miqdarda qəbul olunmalıdır. Əgər miqdarı keçərsə faydaları effektiv olmaya bilər. İlk dəfədən avokadonun dadına öyrəşməyən insanlar az qəbul edib, 2 gün ara verməklə sonradan qəbul edə bilərlər. Və ya üzərinə limon sıxmaqla qəbul etmək olar. 

Bizim ənənəvi olaraq avokado olmadığına görə bəzi insanlarda diskomfort hissi, ürəkbulanma baş verə bilər. Əgər avokadonun ölçüsü böyükdürsə bir gün ərzində yarısını, kiçikdirsə bir gün ərzində birini qəbul etmək olar.”- deyə mütəxəssis qeyd edib.

  • Abbaszadə Fidan