Arıqlamaq istəyənlərə vacib XƏBƏRDARLIQ: Məşhur qidalanma üsulu… – Mütəxəssis Məhsəti Hüseynovadan AÇIQLAMA:

0 Shares

Son dövrlərdə “aralıq orucu” (intermittent fasting) adlı bir qidalanma üsulu həm arıqlamaq, həm də ümumi sağlamlığı qorumaq istəyən insanlar arasında geniş populyarlıq qazanıb. Sosial şəbəkələrdə və diet proqramlarında tez-tez rast gəldiyimiz bu metodun insan orqanizminə təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri aralıq orucunun çəki atmağa və maddələr mübadiləsini tənzimləməyə kömək etdiyini desə də, bəziləri bu yanaşmanın orqanizmə zərərli ola biləcəyini düşünür. Bəs, əslində aralıq orucu nədir və sağlamlıq üçün nə dərəcədə uyğundur?

Moderator.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, bu gün dünyanın bir çox ölkəsində aralıqlı oruc üsulundan müxtəlif xəstəliklərin müalicəsində, sağlam çəki atmaqda və bədən çəkisini normada saxlamaq üçün istifadə olunur.

Onun sözlərinə görə, ilk növbədə bu üsulun hər bir insanın fərdi sağlamlıq göstəriciləri nəzərə alınmaqla tətbiq olunması vacibdir. Eyni zamanda mütləq şəkildə peşəkar həkimlərin nəzarəti və dəstəyi ilə həyata keçirilməlidir. Əks halda, aralıqlı oruc sağlamlığa fayda vermək əvəzinə zərər verə bilər:

“Çünki bir çox insanlarda uzun müddət ac qalmaq başgicəllənmə, halsızlıq, əsəbilik və diqqətin yayınması kimi hallara səbəb ola bilər. Orqanizm stressə məruz qaldıqda maddələr mübadiləsinin sürəti zəifləyə bilər. Xüsusilə bəzi insanlarda bağırsaq problemləri yarana bilər ki, bu da qəbizliklə və mədə turşuluğu balansının pozulması ilə müşahidə oluna bilər. İmmun sistemi zəif olan insanlar, yeniyetmələr və xüsusilə 20-25 yaşa qədər inkişaf dövründə olan şəxslər üçün uzun müddət ac qalmaq zərərli ola bilər”.

Qida mütəxəssisi qeyd edib ki, anoreksiya xəstəliyindən əziyyət çəkən, qan təzyiqi və digər ürək-damar xəstəlikləri olan insanlar aralıqlı orucdan mütləq şəkildə uzaq durmalıdırlar:

“Lakin həkim və peşəkarların nəzarəti ilə bu üsuldan istifadə edərək daha yaxşı nəticə əldə etmək mümkündür. Aralıqlı orucun bir neçə metodu mövcuddur. Ən geniş yayılmış üsullardan biri “16:8 metodu”dur. Bu metodda insanlar gün ərzində 16 saat ac qalır, qalan 8 saat ərzində isə faydalı və balanslı qidalar qəbul edirlər. Digər üsul “5:2 metodu” adlanır. Bu zaman həftənin beş günü normal şəkildə qidalanma davam edir, iki gün isə kalori miqdarı azaldılır və daha az saat ərzində qida qəbul edilir. Bundan başqa, “24 saatlıq oruc” metodu da mövcuddur. Bu üsulda həftədə iki dəfə 24 saat ərzində tam şəkildə qida qəbulu dayandırılır. 

Əgər aralıqlı oruc düzgün şəkildə tətbiq olunarsa, müəyyən faydalar verə bilər. Bu üsul bədən çəkisinin azalmasına, piy kütləsinin azalmasına kömək edə bilər. Xüsusilə insulin həssaslığı olan insanlarda, ikinci tip şəkərli diabetdən əziyyət çəkənlərdə müsbət təsirlər göstərə bilər. Bəzi hallarda isə aralıqlı oruc hüceyrələrin yenilənməsini sürətləndirərək bioloji qocalmanın qarşısını almağa da kömək edə bilər”.

Abbaszadə Fidan