“Bəzi qidalar bir sıra insanlarda allergiyaya səbəb olur və ya allergiyası olan insanlarda bu halın şiddətlənməsinə təsir göstərir. Buna görə də hər bir insan orqanizminin hansı maddələrə qarşı həssas olduğunu bilməlidir. Əks halda insan allergiyası olduğu qidanı qəbul etdikdə ciddi sağlamlıq problemləri ilə üzləşə bilər”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, immun sistemi aşağı olan, allergiyaya meyilli insanlar daha diqqətli olmalıdırlar: “Müəyyən analizlər verərək allergiya olub-olmadığını öyrənmək mümkündür. Bəzi meyvə-tərəvəzlər də allergiyaya səbəb olur. Bunlara daha çox sitrus meyvələri, çiyələk, pomidor və fərqli şəkillərdə yetişdirilən almalar da aiddir. Eyni zamanda çərəzlər də bəzi insanlarda allergiyaya səbəb olur.
Uşaqlar arasında isə daha çox südə qarşı allergiya olur. Belə ki, adətən iki yaşdan yuxarı uşaqlar süd qəbul edə bilmirlər və bu da mədə-bağırsaq pozğunluğuna səbəb olur.
Son dövrlərdə isə insanlar arasında daha çox qlutenə həssaslığa rast gəlinir. Bu da daha çox un və un məmulatlarının tərkibindəki qlutenə qarşı allergiyadır və hər insanda fərqli reaksiyalar verir.
Allergiyalı insanlar qidalarına xüsusi fikir verməlidirlər, əks təqdirdə bu proses zəhərlənmə kimi ciddi təsirlərlə nəticələnə bilər”.
~ Abbaszadə Fidan