Bayram ərəfəsində ən çox istehlak olunan qidalar arasında çərəzlər də xüsusi yer tutur. Lakin onların həddindən artıq qəbulu allergik reaksiyalar, həzm pozuntuları və mədə ağrılarına səbəb ola bilər. Eyni zamanda, çərəzlərin düzgün saxlanma qaydaları da istehlakçılar üçün diqqət yetirilməli əsas məqamlardan biridir.
Mövzu ilə bağlı qida eksperti Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, qoz, fındıq və badam kimi çərəzləri qabıqlı alıb sındıraraq yemək daha faydalıdır:
“Çərəzlər hər zaman sağlam qidalanmanın əsas hissəsi hesab olunsa da, onları alarkən keyfiyyətini müəyyən etmək üçün mütləq diqqət yetirilməli məqamlar var. Əks halda, bu məhsullar fayda vermək əvəzinə orqanizmə zərər vura bilər. Çünki bir çox hallarda vaxtı keçmiş, köhnəlmiş çərəzləri ya qovuraraq, ya da duz və ədviyyatlar kimi müxtəlif əlavələr edərək yenidən satışa çıxarırlar. Bu da məhsulun tərkibindəki zərərləri azaltmır. Bəzən isə qaralmış və köhnəlmiş çərəzləri müxtəlif yollarla ağardıb satırlar, ona görə də xammalın keyfiyyəti əsas amillərdən biridir. Ən keyfiyyətli seçim üçün qoz, fındıq və badam kimi qərzəkli çərəzləri qabıqlı şəkildə alıb sındıraraq yemək onların faydalı xüsusiyyətlərindən maksimum yararlanmaq üçün daha önəmlidir”.
Ekspert qeyd edib ki, brend adı ilə yüksək qiymətə satılan hər məhsul mütləq yüksək keyfiyyətli olmur:
“Bundan başqa, çərəz alarkən dənələrin daha iri, bütöv, az zədələnmiş olmasına və özünəməxsus rəngdə qalmasına diqqət yetirilməlidir. Məhsulun yeni yığım olması da onun keyfiyyət göstəricisidir. Qırıq, xırda, qarışıq və yaxud keyfiyyət standartı aşağı olan məhsullar bəzən şirniyyat bişirmək üçün istifadə olunur. Əgər keyfiyyətsizdirsə, onlardan istifadə tövsiyə olunmur. Keyfiyyətli məhsul doğru temperaturda qovrulduqda tərkibindəki vitaminlər məhv olmur və bütövlüyü qorunur. Lakin yağda və ya çox yüksək temperaturda qovrulma nəticəsində yaranan acı və yanıq dadı məhsulun düzgün texnologiya ilə hazırlanmadığını və keyfiyyətsiz yağlardan istifadə edildiyini göstərir. Eyni zamanda, keyfiyyətli məhsul qovrularkən belə duz miqdarı çox az olmalı, hər hansı əlavə dadlandırıcı, aroma verici və qatqı maddələrindən istifadə edilməməlidir.
Qablaşdırma məsələsi də olduqca vacibdir, çünki açıq şəkildə satılan çərəzlər çarpaz və ya fiziki çirklənməyə məruz qala bilir. Bu da yuyulmadan qəbul edildikdə müxtəlif sağlamlıq fəsadlarına yol açır. Daha çox vakuum qablaşdırmada olan, üzərində mənşəyi, tərkibi, saxlama şəraiti, istehsal və son istifadə müddəti, eləcə də yığım tarixi göstərilən məhsullar daha təhlükəsizdir. Belə məhsullarda kiflənmə və aflatoksin riski daha az olur. Əks halda bu toksinlər qaraciyər və böyrək funksiyalarının pozulmasına, həzm problemlərinə səbəb ola bilər. Brend adı altında baha satılan hər məhsul mütləq keyfiyyətli demək deyil. İstehlakçılar tərkibin bütövlüyünə, rənginə, dadına və köhnə yağ qoxusunun olmamasına diqqət etməlidirlər. Sağlamlıq üçün emal prosesindən keçməmiş və ya az emal olunmuş, təmiz məhsulları seçmək daha faydalıdır”.
- Fidan Abbaszadə





