“Mineral sular, gündəlik qəbul edilən təbii su və digər mayelərin hər biri orqanizmdə fərqli funksiyalara malikdir. Xüsusilə mineral sular tərkibindəki mineral və vitaminlərə, elementlərə görə, təbii süfrə suyundan fərqlənir. Mineral sular əksər hallarda tərkibindəki mineralın miqdarından asılı olaraq müalicəvi əhəmiyyət daşıyır”.
Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O bildirib ki, bir çox mineral sular mədə-bağırsaq və həzm sisteminin funksiyasının normallaşmasında, eləcə də allergik reaksiyaların aradan qalxması və bir çox xəstəliklərin müalicəsində istifadə olunur: “Lakin sağlam insanlar, xüsusilə də mineral sudan gündəlik təbii süfrə suyu kimi istifadə edən insanların sağlamlığında ciddi fəsadlara yol aça bilər. Buna görə də yaxşı olar ki, mineral su istifadə etdikdə mütləq şəkildə peşəkarla, mütəxəssis və həkimdən məlumat alınsın. Eyni zamanda tərkibində həddindən artıq çox mineralın olması və bir mineralın digərindən daha çox olması belə bəzən müəyyən böyrək problemlərinə səbəb ola bilər. Eləcə də mədədə yanma, mədə turşuluğunun artması ilə də nəticələnməsi mümkündür. Bu səbəbdən də gündəlik istifadə təbii süfrə suyuna üstünlük vermək lazımdır.
Gün ərzində mineral su istifadəsi bir-iki fincandan artıq olmamalıdır. Təbii süfrə suyu isə gün ərzində hər insan üçün bir kiloqram bədən çəkisinə 30 ml olaraq hesablanır. Çay, kofe isə yaxşı olar ki, günün birinci yarısında qəbul olunsun. Çay gün ərzində armudu stəkanla nəzərdə tutduqda 4-6 stəkan qəbulu məqbuldur. Amma kofe isə gün ərzində 1-2 fincandan artıq içmək tövsiyyə olunmur. Çay və kofe mütləq yemək araları və ya ağır həzm olunan qidalardan 35-40 dəqiqə sonra qəbul olunarsa, orqanizm üçün daha faydalı olar. Acqarına və axşam yatarkən çay-kofe qəbulu düzgün deyil”.
~ Abbaszadə Fidan