Açıq şəkildə satılan məhsullar təhlükəlidir – Mütəxəssis Məhsəti Hüseynova açıqladı

0 Shares

Hər birimiz marketlərdə və digər satış yerlərində alış-veriş edən zaman üstü açıq şəkildə çəki ilə satılan məhsulları görürük. Üzərinin açıq qalması bir yana, üstəlik heç bir məlumat da yazılmır. Çoxumuz buna diqqət yetirmirik və demək olar ki, mütəmadi istehlak edirik. Bəs qidaların paketlənməsi hansı qaydada icra edilməlidir? Paketin üstündə nə kimi informasiyalar qeyd olunmalıdır?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Missiya.Az-a açıqlamasında deyib ki, əksər məhsullarda paketlənmə onları fiziki çirklənmədən qoruyur və bəzi vacib nüanslar da var ki, mütləq qaydada üzərində yazılmalıdır:

“Qidaların tərkibi, istehsalçı şirkət barədə məlumatlar, istehsal və son istifadə tarixi, saxlanma şəraiti və saxlanma müddəti, habelə istifadə qaydaları paketdə yazılmalıdır. Bir çox məhsullar var ki, məsələn, bunlara paxlalılar, çəki ilə satılanlar aiddir. Həmin qidalar mənşəyi bəlli olan yerdən alınmalıdır. Çəki ilə istehlak edildikdə belə onun çəkisi, qiyməti ilə yanaşı üzərində istehsal tarixi, son istifadə müddəti habelə, istehsalçı şirkət haqqında informasiyalar tam şəkildə göstərilməlidir”.

Mütəxəssisin sözlərinə görə, vaxtı bitmiş məhsulları aldıqda, həmçinin üstü açıq fiziki çirklənməyə məruz qalmış qidaları qəbul edən insanlarda allergiyaya meyillilik, həzm sistemində pozulmalar, maddələr mübadiləsində problemlər yaranır:

“İmmun sistemi aşağı, xroniki xəstəlikləri olanlarda, azyaşlı və yaşlı şəxslərdə sözügedən əlamətlər özünü daha tez büruzə verir. İmmun sistemi güclü, sağlam insanlarda bəzən uzun müddət problemin ortaya çıxdığı bilinməsə də çirklənmiş qidaları, istifadə tarixi bitmiş məhsulları istehlak edən şəxslərdə zamanla müəyyən sağlamlıq fəsadları əmələ gəlir”.

  • Hüseynli Nərgiz