Yay fəslində temperatur yüksək olduğuna görə, rütubət nisbəti daha yüksək olduğuna görə orqanizmdə istilik yüksəlir. Eyni zamanda, metobolizmanın sürəti azaldığına görə, mütləq şəkildə biz qidalarımıza diqqət etməliyik. Qida seçərkən ilk növbədə daha tez, asan həzm olunan, mənşəyi bilinən yüngül qidalara üstünlük verməliyik. Xüsusilə, yüksək təzyiq xəstələri, ürək, qan-damar problemləri plan insanlar, xroniki xəstəliyi olan, şəkər və diabet xəstələri yüksək temperaturlu havada daha həssas olurlar. Onların hər hansı bir qidaya həssaslığı daha ağır nəticələnə bilər. Bu səbəbdən mütləq şəkildə bu insanlar daha diqqətli olmalıdırlar.
İsti havalarda daha çox tərlədiyimizə görə, maye və mineral itkimizin olmaması üçün mütləq şəkildə gün ərzində iki və ya iki litr yarım su içmək lazımdır. Təbii ki, bir çox hallarda insanlar çay, kofe və ya qazlı və rəngli, şəkərli içkilərə üstünlük verirlər. Bu, yay fəsli müddətində yolverilməzdir. Çünki qazlı, rəngli və şəkərli içkilər sağlamlıq üçün zərərlidir, eyni zamanda çay və kofenin içərisində yüksək kofein olduğu üçün bu da orqanizmdə maye itkisinə səbəb olur. Bu içkilərin əvəzinə sadə sulardan, bitki çaylarından, nanə və limonlu çaydan istifadə etmək olar. Yeməklərdə daha çox hər qrupdan olan karbohidratlar, zülallar, yağların faydalı olanına üstünlük verməliyik.
Çünki yaz və yay aylarında həddindən yağlı qidaları qəbul etdikdə orqanizmdə, xüsusilə də qaraciyərdə piylənmə yaranır. Yeməkləri bişirərkən çox qızartmamağa, qovurmamağa diqqət etməliyik. Bunun əvəzinə daha çox qaynadılmış, manqalda bişmiş və ya az bişmiş qidaları qəbul etmək lazımdır. Eyni zamanda, daha çox orqanizmin immun sistemini gücləndirmək üçün mövsümi meyvə və tərəvəzlərdən istifadə etməliyik. Gün ərzində ənaz 3-4 ədəd meyvə və 4-5 ədəd tərəvəz istehlak edilməlidir.
Yay mövsümündə xüsusilə xəmir yeməklərində diqqətli olmalıyıq. Çünki xəmir yeməkləri orqanizmdə həddindən çox gec həzm olunur və enerjiyə çevrilmədiyi üçün ağırlıq yaradır. Bir çox hallarda yorğunluğa, yuxusuzluğa, aqressivliyə səbəb olur. Bu kimi yeməklərin qəbul olunması yay mövsümündə azaldılmalıdır. Ümumiyyətlə, yay aylarında açıq havada satılan qidalardan uzaq durmaq lazımdır. Xüsusilə ət, yumurta, süd və balıq kimi məhsulları açıq şəkildə və mənşəyi bəlli olmayan yerlərdən almaq təhlükəlidir.
Sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova
Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əks-Səda Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi” İctimaiBirliyi tərəfindən icra olunan “Uşaq və yeniyetmələr arasında qazlı içkilərin və paketlənmiş qidaların satışının qarşısının alınmasına dair jurnalist təşəbbüslərin artırılması” adlı layihə çərçivəsində hazırlanıb.
- Hüseynli Nərgiz