Marketlər vaxtı ötmüş məhsulları alıcılara necə sırıyır? – Mütəxəssis RƏYLƏRi:

0 Shares

Bəzən bir qutu südü və ya yoqurtu, sadəcə, istifadə vaxtı bitdiyi üçün atırıq, hətta cəmi iki gün keçsə belə. Ona verdiyimiz pulu itirmək daha yaxşıdır, nəinki xəstəlik tapmaq. Müvafiq dövlət strukturları keyfiyyətsiz ərzaq məhsullarının satışdan çıxarılması üçün addımlar atsa da, hələ də məsələni kökündən həll etmək mümkün olmayıb. Faktlar sübut edir ki, mağazaların heç də hamısı bu məsuliyyəti dərk etmir. İnsanların sağlamlığını gözardına alan bəzi sahibkarlar vaxtı keçmiş məhsulları istehlakçı şirkətə geri qaytarmaq əvəzinə üzərinə yenidən etiket vuraraq satışa çıxarırlar. SİA “Vaxtı keçmiş malların endirimlə müştərilərə satılmasının qarşısını necə almaq olar? Hansı tədbirlər görülməlidir?” sualları ilə müraciət edərək Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın fikirlərini öyrənib. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: “İnsan əli ilə yaradılmış hər bir mal satışa çıxarılanda müəyyən yararlılıq vaxtı var. İstehsalçılar çalışırlar ki, mallarını ölməz etsinlər. Tütün və tütün məmulatları haqqında qanun qəbul olunan zaman tütün mafiyasının təsiri altında tütün mallarının buraxılma tarixi, yararlılıq müddətinin qoyulmasını istəmirdilər. Biz yalnız birinə yazılmasına nail olduq. O zaman Milli Məclisdə çıxış edərək dedim ki, yalnız Allahın yaratdıqları sonsuz ola bilər. İnsan əli ilə yaradılan hər şeyin sonu var. Qanunla ərzaq mallarında yararlılıq vaxtı keçmiş malın satışı qadağandır. Dövlət orqanları satan şəxsi minimum 1500 manat cərimə etməlidir. Sənaye mallarının bəzilərinin yararlılıq vaxtı var. Məsələn, ayaqqabının yararlılıq vaxtı var. Əgər onu gəyinməzsənsə, müəyyən qədər saxladıqdan sonra altı çürüyəcək. Avtomobil təkərlərinin yararlılıq vaxtı var. Çox adam bunu bilmir. Müəyyən vaxtdan sonra hətta işlətməsən də öz-özünə çürüyüb gedir. Çox təəsüf ki, ölkədə istehlakçı siyasəti zəifdir və sənaye mallarında bu məsələlərə əhəmiyyət verən yoxdur. Ona görə bunun qarşısını almaq üçün birinci hökumətin mükəmməl istehlakçı siyasəti formalaşmalıdır. İstehlakçılar maarifləndirilməlidir, sənaye mallarının üzərində buraxılma tarixi, son yararlılıq müddəti yazılmalıdır. Parfumeriya mallarının üzərində hər iki tarix olmalıdır, lakin biz görürük ki, yoxdur”.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova: “Bir çox hallarda vaxtı keçmiş, yaxud da istifadə müddətinin bitməsinə az qalmış məhsullar olur. Bunlar supermarketlərdə, ya kampaniyalar şəklində, ya da üzərində etiket məlumatlarında dəyişiklik edilərək satışa buraxılır. Təbii ki, vaxtı keçmiş məhsullar insan orqanizminə bir çox zərərlər vura bilər. Çünki onların istifadə müddəti üzərində qeyd olunur. Xüsusilə, bəzən xaricdən idxal olunan məhsulların üzərində son istifadə tarixi ilə yanaşı “best before”, “use by date best before”, “best date” kimi tarixlər yazılır. Bu, o deməkdir ki, yəni həmin məhsulun son istifadə tarixi filan tarixdir, amma yazılan tarixə qədər istifadə olunsa, daha keyfiyyətli və məqsədəuyğun olar. Amma vaxtı keçibsə, qida məhsulunun keyfiyyəti pozulmuş, dəyəri itmiş hesab olunur. Bir tərəfdən də bəzən daşınma, saxlanılmada qida təhlükəsizliyi zəncirinin bütün qaydalarına əməl olunmadıqda son istifadə müddəti olsa belə həmin məhsulun tərkibində dəyişikliklər olur. Məsələn, ət və süd məhsulları var ki, bunlar müəyyən temperaturda, qablaşmada saxlanılmalıdır. Əgər düzgün olmasa, xarab ola bilər. Bəzən olur ki, xarab olmanı dadı, qoxusu, rəngi ilə bilirik. Amma bəzi məhsullarda isə həmin göstəricilərlə bilmək olmur. Ona görə də həmin məhsulu istehsal edən insanlarda zəhərlənmələr baş verir. Mütləq qablaşdırılmış məhsul alırıqsa, üzərində istifadə tarixi, etiket məlumatları tam olmalıdır və mütləq istehsal edən şirkət haqqında məlumatlar tam göstərilməlidir. Xüsusilə də, dəmir bankalarda konservləşdirilmiş bir məhsul alırsınızsa, bu zaman həmin məhsulun üzərində yararlılıq müddəti göstərilməlidir. Əgər hər hansı yapışqanlı kağızla sonradan əlavə olunubsa, bu artıq qida hiyləsidir. Demək olur ki, ya müddəti keçib yenidən paketlənib, ya da müddəti gizlətmək üçün belə yapışqanlı kağızlardan istifadə olunur. Bu kimi hallar bəzən mərkəzdən uzaq regiondakı marketlərdə daha çox baş verir. Ona görə mütləq şəkildə belə məhsullar gördükdə alınması tövsiyə olunmur. Çünki bunlar sağlamlığa zərər verə bilər. Bütün bu hallar Qida Təhlükəsizliyi haqqında qanunla tənzimlənir. Mütəmadi olaraq da aidiyyəti qurum tərəfindən də monitorinqlər aparılır. Amma bu kimi problemlərlə üzləşən insanlar da mütləq özləri satış yerində satıcıya, yaxud da, məsul şəxsə məlumat verməlidir. Həm də Qida Təhlükəsizliyi Agentliyinin 1003 çağrı mərkəzinə də bu kimi hallarla rastlaşanda məlumat verməklə onun aradan qaldırılmasına kömək etmiş olarlar”.

~ Abbaszadə Fidan