Dünya ölkələrinə və Azərbaycana nəzər salsaq, həyat tərzində mövcud olan xeyli fərqliliklə rastlaşarıq.
Bunlardan ən başlıcası inkişaf etmiş dünya ölkələri və Azərbaycandakı yaşlılar, onların həyat tərzi arasındakı fərqlərdir. Belə ki, digər ölkələrə, məsələn, Amerikaya baxdıqda görərik ki, orada təqaüdə çıxan yaşlılar üçün ikinci həyat başlayır, onlar dünya səyahətinə çıxırlar. Yaşlı adamlar aktiv şəkildə biznes, siyasət, sənət ilə məşğul olur.
Amma ölkəmizdə yaşlı nəslə nəzər salsaq, onların necə sönük həyat yaşadıqlarının şahidi olarıq. Ölkənin yaşlıları pensiyaya çıxmamış, həkimlərin yolunda qalır, nəinki dünya ölkələri, heç rayonlara belə səyahət edə bilmirlər. Maraqlıdır ki, bizdə niyə 60-70 yaşlı insanlar öləcəkləri günü gözləyir, Amerikada, Avropada isə yaşlılar dünya səyahətinə çıxır?
Azərbaycan və Amerika qocası necə yaşayır?
Bunun səbəblərini öyrənmək üçün Amerikada və Azərbaycanda yaşayan ortayaşlı şəxslərlə həmsöhbət oldum.
Uzun illərdir Massaçusetsdə yaşayan həmyerlimiz Daşqın Bədəlov orada yaşlıların həyat tərzi ilə bağlı deyir ki, onlar hər səhər idman edirlər:
“Onlar heç vaxt istirahətlərindən qalmırlar. Məsələn, burada onlar şənbə və bazar günləri işləmirlər. Bununla yanaşı, pensiyanın çox olması onlar üçün daha bir üstünlükdür, çünki onlar yaşlananda Azərbaycandakı yaşlılardan fərqli olaraq övladlarına möhtac qalmırlar. Tamamilə qocalanda isə çoxları qocalar evində qalmağı seçir”.
55 yaşlı Azərbaycan vətəndaşı Gülnarə Ələkbərova isə bildirir ki, pensiya yaşına çatacağına ümidi yoxdur:
“İstirahət etməyə pul lazımdır, mənim qazandığım dərmanlarıma ancaq bəs edir. Yaxşı olardı ki, pensiya almaq üçün yaş həddini aşağı salardılar”.
İki ölkə arasındakı həyat keyfiyyətində bu qədər fərqlərin olmasının bir sıra səbəbləri var.
Hər şey qidadan başlayır
Qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Cümhuriyət”-ə bildirib ki, son dövrlərdə artan zərərli, keyfiyyətsiz və standartlara uyğun olmayan qidalar, mənşəyi bilinməyən ərzaq məhsulları, eyni zamanda süni şəkildə yetişdirilmiş meyvə-tərəvəzlər insan orqanizminə zərər verir: “Yetərli qədər faydalı qida elementləri ilə zəngin olmayan qidaların davamlı istifadəsi insanlarda ürək-damar və digər müəyyən xəstəliklərin yaranmasına səbəb olur, bu da insanlarda bioloji qocalmanı sürətləndirir, eyni zamanda insan hərəkətliliyinə əngəllər törədir. Sağlamlığı təmin etmək üçün hər gün fiziki aktivliyə, rejimli qidalanmaya önəm vermək lazımdır. Günümüzdə isə əksər insanlar buna əməl etmirlər. Yeniyetməlik və gənclik illərində orqanizmin təməli qoyulur ki, insanlar məhz bu dövrlərdə sağlam qidalanmayaraq özlərini məhv etməyə başlayırlar. Məktəblərdə və yaxud universitetlərdə insanların sağlamlığını təmin edəcək qidalar verilmir. Səhər növbəsində işləyənlər, təhsil alanlar normal qida qəbul etmədən günə başlayırlar və günorta vaxtlarında hər hansı mənşəyi bilinməyən, paketlənmiş qidadan istifadə edirlər ki, bu da həzm sisteminin pozulması ilə yanaşı, qaraciyər və böyrək çatışmazlığına səbəb olur”.
Mütəxəssis qeyd edib ki, insanların əksəriyyəti oturaq həyat tərzi keçirir, bu da yağlanma və piylənməyə səbəb olur:
“Eyni zamanda, həyat tərzində fərqlər var. Bizdə insanlar ailə qurduqdan, övlad sahibi olduqdan sonra özlərini unudurlar, sağlamlıqlarına fikir vermirlər. Ümumilikdə insanlar çox stressə məruz qalırlar. Bununla yanaşı, sosial vəziyyət də mühüm rol oynayır, az miqdarda maaş və təqaüd alan şəxslər daha çox stressə qapılırlar. Onlar belə olan halda sadəcə gündəlik nəfəs alırlar, yaşamırlar”.
Təbiətdən kənarda ölüm var
Farmakoloq-həkim Aydın Əliyevin fikrincə isə insanın təbiətlə əlaqəsi olmalıdır:
“Təmiz təbiət, təmiz hava, su, qida, ekologiya deməkdir. Bunların hamısı qaydasında olduqda insan problemləri həll edə bilir. Əgər bu nizam pozularsa, o zaman insanın yaşamasında geriləmələr olur, tez ölüm halları yaşanır. Bununla yanaşı, siqaret, spirtli içkilər, narkotikdən istifadə Azərbaycanın bütün bölgələrində çox qabarıq şəkildə özünü göstərir.
Bunların hər biri immun sisteminin zəifləməsinə səbəb olur, erkən ölüm hallarına tez-tez rast gəlinir”.
Azərbaycanlılara istirahət anlayışı yaddır
Azərbaycanda yaşlıların psixoloji durumundan danışan psixoloq Gülnar Orucova bildirib ki, Amerikada heç kim 8 saatdan artıq işləmir, amma Azərbaycanda elə iş yerləri var ki, işçini 12-18 saat işlədir:
“Bu zaman rəhbərlər işçini istismar etdiyini düşünmür. Azərbaycanda orta əmək haqqı 355 manatdır, amma mən müəssisələr tanıyıram ki, işçiyə 200-250 manat verir. Sahibkarlar buna görə cəzalandırılmalıdırlar. Bundan əlavə, belə hal yarandıqda ölkədə vətəndaş ailəsi, uşağı üçün 18 saat istirahətsiz işləyir və nəticədə, səhhəti zərər görür. Bir insanın təqaüd yaşını da 65 yaş kimi müəyyənləşdiriblər, gəlin baxaq görək 65 yaşına kimi nə qədər insan yaşaya bilir? İnsanların çoxu təqaüd almadan dünyalarını dəyişirlər”. O bildirib ki, Amerikada yaşlılar öz övladlarını sərbəst buraxır, özlərinə dəyər verirlər: “Azərbaycan xalqı isə övladına həddən artıq dəyər verir. Öz ömrümüzü övladımıza həsr edirik, özümüzü unuduruq. Övladlarımızı yanımızdan ayırmaq istəmirik, bir müddət sonra övladımızın övladına da qulluq etməyə başlayırıq. Azərbaycanlılara istirahət anlayışı o qədər yaddır ki, onlara deyəndə ki, filankəs rayona gedib istirahət etmək istəyir, qəbul etmirlər, fikirləşirlər ki, istirahət etmək “əyri yol”-a getmək deməkdir. Həm də ölkədə insanlar çox oturaq həyat yaşayır, həkimə vaxtında getmir və düzgün qidalanmırlar. Nəinki idman, təmiz havada gəzmək belə istəmirlər. Bütün bunlar insanların sağlamlığına, həyat tərzinə birbaşa təsir göstərir”.
360 manata bir ay yaşamaq olar?
İki ölkə arasındakı iqtisadi vəziyyəti müqayisə edən iqtisadçı Fərid Mehrəliyevin sözlərinə görə, Azərbaycanda gözlənilən ömür uzunluğu ilə bağlı axırıncı rəqəmlər 2022-ci ilə aiddir:
“Statistikaya görə, uzunömürlülük kişilərdə 73, qadınlarda 79 olub. ABŞ-də də təxminən buna yaxın rəqəmlərdir. Amma Azərbaycanda bu statistikanın reallığı əks etdirməsi mübahisəlidir, çünki bəzi illərdə BMT-nin açıqladığı rəqəmlər bizim Dövlət Statistika Komitəsinin statistikasından daha aşağı olur.
Ümumiyyətlə, iki ölkə arasında həyat keyfiyyətinin fərqli olmasının əsas səbəbi iqtisadi amillərlə bağlıdır. Bunun iş və pensiya kimi tərəfləri var. Pensiya hissəsinə gəldikdə, ölkədə insanlar layiqli pensiya ala bilmirlər, çünki pensiya sistemində çox ciddi problemlər var. Burada birinci problem yaş məsələsidir. Azərbaycanda kişilər üçün pensiya yaşı 65-dir, qadınlar üçün də tezliklə 65 olacaq. Məncə, bu real deyil. Çünki bizim rəsmi rəqəmlərimiz göstərir ki, il ərzində ölkədə vəfat edən kişilərin yarısına yaxını, qadınların isə üçdə biri pensiya yaşına çatmır”. İqtisadçı bildirib ki, Azərbaycanda səhiyyə sistemi ilə bağlı olan problemlər müəyyən qədər ölümün gəncləşməsinə səbəb olub:
“Bizdə keyfiyyət standartlarının olmaması, monitorinqlərin yaxşı aparılmaması, ictimai səhiyyə məsələləri və s. var ki, bunlar inkişaf etmiş ölkələrdə daha yaxşı aparılır. Ölkəmizdə zəif olduğu üçün ölüm nisbətən daha gəncdir. Azərbaycanda 65 yaş pensiya üçün yüksək rəqəmdir. Digər tərəfdən, 65 il yaşamaq da Azərbaycanda əmək pensiyası almağa kifayət etmir, çünki minimum 25 il staj və yaxud minimum pensiya kapitalının toplanması tələbi var. Azərbaycanda da qeyri-rəsmi məşğulluq yayıldığı, rəsmi iş yeri, maaş olmadığı üçün kifayət qədər insan gələcəkdə bu tələbləri ödəyə bilməyəcək. Belə olan halda da insanlar pensiya yox, 220 manat məbləğində müavinət alırlar. Son 10 ildə çox absurd bir vəziyyət yaranıb. Belə ki, Azərbaycanda 65 yaşdan yuxarı insanların sayı artıb, amma pensiyaçıların sayı hər il azalır. Sonuncu dəfə 2017-ci ildə pensiya sistemində dəyişiklik olundu, o vaxtdan bəri ölkədə pensiyaçıların sayı azalıb, müavinət alanlar artıb. Hətta verilən pensiyanın məbləği belə insanların normal yaşaması üçün kifayət etmir. Ölkədə minimum pensiya 360 manatdır, yəni pensiyaçıların yarısı 360 manatdan az pensiya alır. Təbii ki, bu, heç bir halda pensiyaçıların normal yaşaması üçün kifayət edəcək məbləğ deyil.
Mən hesab edirəm ki, yaşlıların daha layiqli yaşaması üçün pensiyanın baza hissəsi ciddi şəkildə artırılmalıdır.
İki ölkə arasında digər bir fərq də ictimai xidmətlərlə bağlıdır. Çünki bir çox Avropa ölkələrində yaşlı insanlara müxtəlif xidmətlər göstərən qurumlar var.
Azərbaycanda da belə qurumlar var, lakin bir o qədər populyar deyil və geniş yayılmayıb. Hətta inkişaf etmiş ölkələrin təcrübəsində biz görürük ki, bələdiyyələrin, yerli özünüidarəetmə orqanlarının səlahiyyəti, maliyyəsi çoxdur deyə, onlar da həssas qruplar üçün mərkəzlər açırlar. Biz də belə bir xidmət yoxdur deyə, həyat keyfiyyətinə təsir göstərir. Xarici ölkələrlə müqayisədə bizdə vətəndaş cəmiyyəti də inkişaf etməyib, bir çox ölkələrdə müxtəlif QHT-lərin vətəndaş cəmiyyətinin yaşlı insanlarla bağlı təşəbbüsləri var. Biz də isə bu istiqamətdə işlər zəifdir. Bununla yanaşı, Amerikada yaşlılar pensiyaya çıxmadan əvvəl yığım edirlər və pensiyaya çıxanda aldıqları pensiya ilə birgə yığımları da olur. Bizdə təəssüf ki, insanların gəlir səviyyəsi ən yaxşı halda onların xərclərini qarşılamağa bəs edir deyə, pensiya yaşına çatanda insanların ciddi bir yığımı olmur”.
“Maaş və gəlir kəskin artmalıdır ki…”
“Amerika Birləşmiş Ştatlarının və Azərbaycanın təqaüd sistemini müqayisə etmək çox çətindir. Çünki onlarda təqaüd sistemində ştatlara görə dəyişir, bundan başqa orada özəl təqaüd fondları var. Bizdə isə Dövlət Sosial Müdafiə Fondu bu işi öz öhdəliyinə götürüb, amma yaxşı yerinə yetirə bilmir. Dövlət Sosial Müdafiə Fondu bazarda yeganə inhisarçıdır və vətəndaşları qane edəcək səviyyədə fəaliyyət göstərə bilmir. Bizdə də təqaüdlərin miqdarı aşağıdır”, – bu sözləri isə iqtisadçı Natiq Cəfərli deyib. O qeyd edib ki, Amerikada həmkarlar təşkilatları güclüdür:
“ABŞ-də bəzi ştatlar var ki, orada həmkarlar təşkilatları çox güclüdür, onlar işəgötürənləri məcbur edirlər ki, işçilərin təqaüd fonduna daha çox vəsait ödəsinlər. Bu zaman işçilər təqaüdə çıxanda çox yüksək təqaüdlər alırlar. Ölkədə təqaüdlər artırılmalı, ciddi rəqabətli mühit təmin edilməlidir və özəl fondların yaradılmasına şərait yaradılmalıdır. Bir məsələ də budur ki, təqaüdlərin miqdarı əmək haqqının aşağı olması hesabına azdır.
Bizdə maaş və gəlir də kəskin artmalıdır ki, vətəndaşın təqaüd fonduna ödədiyi vəsait artsın, bununla da təqaüdün də miqdarı yüksəlsin”.
Dövlət qurumu razılaşmır
Məsələnin bir çox tərəfləri haqqında danışan müsahiblərimizin ortaq nöqtələrindən biri yaşa görə pensiyanın az olmasını qeyd etmələridir. Maraqlıdır ki, Dövlət Sosial Müdafiə Fondu pensiyanın məbləğinin az olması fikirləri ilə bağlı nə düşünür? Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik.
Qurumun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili “Cümhuriyət”-ə açıqlamasında bildirdi ki, deyilənlər şəxsi fikirləri əks etdirir:
“Dövlət Sosial Müdafiə Fondunun hesabatları göz qabağındadır”.
~ Abbaszadə Fidan