Ağ, yoxsa qara çörəkdən istifadə etmək daha faydalıdır? – MÜTƏXƏSSİS AÇIQLADI

0 Shares

“Çörək əgər faydalı, təbii buğdadan hazırlanıbsa, bu zaman insan orqanizminə bir çox faydaları var”. Bu sözləri SİA-ya açıqlamasında sağlam həyat tərzi üzrə beynəlxalq təlimçi-ekspert, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şuranın üzvü Məhsəti Hüseynova deyib. O bildirib ki, xüsusilə də orqanizmin ilk formalaşma dövründən 8 yaşa qədər çörəkdən istifadə olunubsa, o zaman çörəyi insan orqanizmindən, qida rasionundan tamamilə çıxarmaq yolverilməzdir: “Çörəyin tərkibində olan B qrupu vitaminləri, bir çox qida elementləri var ki, bunlar insan orqanizminə faydalıdır. Eyni zamanda həmin vitaminlər genetik olaraq həmin qidadan almağa kodlaşdırılıb. Belə olan halda çörək davamlı olaraq insan orqanizminə, qida rasionuna qəbul olunmalıdır. Mütləq şəkildə çörəyi alarkən diqqət etmək lazımdır ki, əsas amillərdən biri mənşəyi bəlli olan yerdən, keyfiyyətli undan hazırlansın. Əksər hallarda bu gün sənaye üsulu hazırlanan çörəklərdə xəmir yoğrularkən kimyəvi tərkibli olan mayadan istifadə edirlər. Bu, həzm prosesinin korlanmasına, bir çox insanlarda bağırsaqların hərəkətliliyinin aşağı düşməsinə səbəb olur. Bunun sayəsində insan orqanizmində maddələr mübadiləsi pozulur, qəbzlik, qarında şişkinlik, ağrı baş verir. Ona görə də mütləq şəkildə ev üsulu hazırlanan maya ilə hazırlanmış çörəklərdən istifadə etmək daha sağlam hesab olunur. Çörək bişirərkən şəkərdən, bəzən də froktozadan da istifadə olunur ki, bu da insan orqanizmində çörəkdən asılılığa gətirib çıxarır.

Bir çox insanlar da çörəksiz qida qəbul edə bilmirlər. Çörəyin gündəlik qəbuledilmə miqdarı var ki, bu, səhər yeməklərində 1-2 dilim şəklində qəbul olunmalıdır. Axşam yeməklərində çörəyin qəbul olunması o qədər də tövsiyə olunan deyil”.

“Digər məqam isə ağ, yoxsa qara çörəkdən istifadə edilməlidir? İnsanları bu sual maraqlandırır. Çünki bəzən pəhriz saxlayan insanlar qara çörəyə üstünlük verirlər. Əgər hər ikisi diqqətli şəkildə hazırlanıbsa, onların kalori miqdarında çox az fərq var. Ağ çörəyin kalori miqdarını azaltmaq üçün qızdırılmış şəkildə qəbul olunsa, demək olar ki, çox az kalori fərqi olur və daha tez həzm olunur. Buna da diqqət etmək olar.

Bu gün sənaye üsulu hazırlanmış, xüsusilə ağ undan hazırlanan çörəklərdə buğdanın keyfiyyətli hissəsi – kəpək və rüşeym hissəsi ayrılaraq hazırlanır. Bu, zərərlidir. Kəpək və rüşeym qismində olan pronilisin maddəsi birbaşa xərçənglə mübarizədə rol oynayan maddələrdən biridir. O da kəpək, rüşeym hissəsindən ayrıldıqdan sonra qalan hissəsi nişastada bu faydalı elementlər olmadığı üçün həmin çörəklər insan orqanizminə fayda verə bilmir. Bu gün müasir dünyada çox insanın qarşılaşdığı problemlərdən biri də qlüten həssaslığıdır. Bu insanların bəzilərində allergik reaksiyalar, yuxarı və aşağı ətraflarda dərialtı ağ səpkilər özünü göstərsə də, bəzi insanlarda isə daha ağır nəticələrə yol açır. Bu da mədədə narahatlığa qədər gətirib çıxarır. Ona görə mütləq şəkildə qlüten həssaslığı olan insanlar tərkibində qlüten olan qidalardan istifadə etməlidirlər.

Digər əsas məqam isə çörəyin qəbulu zamanı daha çox hansı qidalar qəbul olunmasıdır. Çörək karbohidrat tərkibli olduğu üçün çörəklə qəbul olunan qidaların əksəriyyətində daha çox zülal, yağlar olmalıdır. Yəni çörəklə digər karbohidrat dəyəri yüksək olan qidaların qəbul olunması yolverilməzdir. Əks halda belə qidaların həzmi çətinləşir, insan orqanizmində ağrı, narahatlığa gətirib çıxarır. Bəzən insanlar az miqdarda qida qəbul etsə belə köpmə və tez çəki almağa səbəb olur. Bu fərqli tərkibli karbohidratların qəbulu zamanı baş verir. Bunlara da diqqət etmək lazımdır. Ümumiyyətlə, düzgün miqdarda qəbul olunan çörək orqanizmə yalnız enerji verməyə xidmət edir. Bu da 1-2 dilim şəklində günün birinci yarısında qəbul olunmalıdır. Çörək alarkən mütləq diqqət edəcəyimiz əsas məqam əgər sənaye üsulu hazırlanıbsa, düzgün şəkildə qablaşması, bişirilmə tarixi, tərkibi haqqında tam məlumat verilməlidir. Bəzən üzərində son istifadə müddəti 48-72 saat göstərilsə belə onu müddəti bitdikdən sonra da istifadə edirlər. Bu, tamamilə yolverilməzdir. Çünki görünməsə də rəngi, qoxusu dəyişməsə belə, tərkibində müəyyən dəyişikliklər olur. Həmin dəyişikliklər həzm sisteminin pozulmasına gətirib çıxarır. Çünki çörəklərin uzun müddət qalması üçün istifadə olunan kimyəvi dərmanlar var ki, bunlar insan orqanizmində müəyyən fəsadlara gətirib çıxarır. Bu da birbaşa həmin kimyəvi maddələrin insan orqanizmi tərəfindən tam sovrulmaması, qara ciyər və böyrək çatışmazlığına gətirib çıxara bilər.
Çörəklərin daha çox kağız, parça torbalarda, çörək üçün nəzərdə tutulmuş taxta qablarda saxlanılması daha sağlam hesab olunur” – deyə o əlavə edib.

~ Abbaszadə Fidan