Son vaxtlar xaricdən ölkəyə gətirilən ət məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı müzakirələr aktuallaşıb. İdxal olunan ətlərin yoxlanma mexanizmi, sanitar normalara uyğunluğu və istehlakçı sağlamlığına mümkün təsirləri diqqət mərkəzindədir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “İnformator.az”a bildirilib ki, 2025-ci ildə Agentlik qida təhlükəsizliyinin gücləndirilməsi, saxta məhsulların dövriyyədən çıxarılması, idxal və ixracda keyfiyyətin təmin edilməsi istiqamətində mühüm addımlar atıb:
“AQTA-nın 2025-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransı keçirilib. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransı zamanı sədr müavini Əziz Şərifov ötən il ərzində Agentliyin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, qida zəncirində risk əsaslı dövlət nəzarətinin əhatə dairəsi genişləndirilib, saxta və təhlükəli məhsulların dövriyyədən çıxarılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bununla yanaşı, laborator müayinələr gücləndirilib, idxal və ixrac proseslərində beynəlxalq standartlara uyğunlaşma təmin olunub, elektron nəzarət sistemləri tətbiq edilib və yerli məhsullar üçün yeni bazarlara çıxış imkanları yaradılıb. Qeyd olunub ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla yekunlaşıb, növbəti dövrü əhatə edən yeni Dövlət Proqramı hazırlanıb. “Bitki sağlamlığı haqqında” və “Heyvan sağlamlığı haqqında” qanun layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Qida təhlükəsizliyi sahəsində mövcud normativ bazaya dəyişikliklər edilib, 10-a yaxın yeni sanitariya norma və qaydalar hazırlanıb. Xüsusi həssas qruplar üçün 1994-cü ildən bəri istifadə olunan normalar yenilənib və Nazirlər Kabinetinin 2025-ci il 21 oktyabr tarixli, 314 nömrəli qərarı ilə tibb, təhsil və sosial müəssisələrdə istifadə üçün təsdiq edilib. Əziz Şərifov qida zənciri üzrə dövlət nəzarətinin nəticələrinə dair statistik göstəriciləri də açıqlayıb. Bildirilib ki, 2025-ci ildə 4 304 müəssisədə yoxlama aparılıb və 3 739 müəssisədə uyğunsuzluq aşkarlanıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Eyni zamanda, 7 halda kərə yağı adı altında bitki tərkibli yağların satışı faktı aşkar edilərək istehlakçıların aldadılmasının qarşısı alınıb. 561 dönərxana və 21 çiy dönər emalı müəssisəsində nəzarət tədbirləri həyata keçirilib, 373 dönərxanada və 18 çiy dönər emalı müəssisəsində nöqsanlar müəyyən edilib. 497 müəssisədən 600 nümunə götürülərək müayinəyə cəlb olunub, 107 müəssisəyə məxsus 122 nümunədə uyğunsuzluq aşkarlanıb. Yoxlamalar zamanı mal əti adı ilə satılan məhsullardan götürülən nümunələrdə bir sıra hallarda at və camış ətinin DNT-si müəyyən edilib. İstehlakçıları aldatmaq məqsədilə “kənd toyuğu” görüntüsü yaratmaq üçün sintetik boyaq maddələrindən istifadə edilərək toyuqların süni şəkildə sarı rəngə boyanması faktlarının qarşısı alınıb. Bəzi məhsullarda dadlandırıcı maddələrin normadan artıq istifadəsi halları da aşkarlanaraq müvafiq tədbirlər görülüb. Ov ətlərindən qanunsuz istifadə faktlarına da rast gəlinib. Belə ki, 7 obyektdə “Qırmızı kitab”a daxil edilən oxlu kirpi və turac ətlərinin satışa və ya istifadəyə cəlb edilməsi halları aşkarlanıb və qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib. AQTA-nın İDEA İctimai Birliyi ilə birgə apardığı monitorinqlər zamanı vəhşi heyvanların və quşların ictimai iaşə müəssisələrində qanunsuz saxlanılması və nümayiş etdirilməsi faktları da müəyyən olunub. Bildirilib ki, heyvanların bu cür şəraitdə saxlanılması və nümayiş etdirilməsi vətəndaşların zoonoz xəstəliklərə yoluxma riskini artırır. Ötən il ərzində alkoqollu içkilərin dövriyyəsi üzrə aparılan nəzarət tədbirləri zamanı ümumilikdə 8 197 ədəd müxtəlif növ saxta alkoqollu içki aşkarlanaraq satışdan kənarlaşdırılıb. Əziz Şərifov bildirib ki, il ərzində ölkəmizə 107 ölkədən müxtəlif növ qida, baytarlıq və fitosanitar nəzarətə dair məhsullar idxal olunub. İdxal zamanı 787 uyğunsuzluq halı aşkarlanıb, təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verməyən 2 min ton və 308 min ədəd məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb. Yoxlamalar zamanı tərkibində qadağan edilmiş maddə aşkarlanan energetik içkilər, uyğunsuzluq müəyyən edilən uşaq qidaları, eləcə də təhlükəsizlik göstəricilərinə görə uyğun olmayan ət və ət məhsulları, quş əti, bitkiçilik məhsulları, qənnadı məmulatları və digər məhsullar məhv edilib. 7 müxtəlif ölkənin 19 istehsalçı müəssisəsindən Azərbaycan Respublikasına məhsul idxalına qadağa tətbiq olunub. Görülən məqsədyönlü işlərin nəticəsi olaraq hazırda Azərbaycandan dünyanın 73 ölkəsinə qida, baytarlıq və fitosanitar nəzarətində olan məhsullar ixrac edilir. 2025-ci ildə idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla 1 milyon tona yaxın bitkiçilik, 103 milyon ədəddən çox heyvan mənşəli, eləcə də 28 min tona yaxın müxtəlif növ emal olunmuş qida məhsulunun ixracı beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Əli Nəbiyev isə bildirib ki, ötən il AQTİ-nin 17 laboratoriyasında 759 mindən artıq müayinə aparılıb, 50 yeni müayinə metodu tətbiq edilib və metodların sayı 990-a çatdırılıb. Nəticələrin etibarlılığı Almaniya, Türkiyə, Fransa, Böyük Britaniya və Niderlandın nüfuzlu beynəlxalq qurumları tərəfindən təşkil olunan səriştəlilik sınaqlarında təsdiqlənib. Əli Nəbiyev qeyd edib ki, 2025-ci ildə “1003 – Çağrı Mərkəzi”nə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 51 qida zəhərlənməsi faktı təsdiqlənib. Ümumilikdə 401 zərərçəkən qeydə alınıb, ölüm faktı olmayıb. Zəhərlənmələrin 65 faizi məişət zəminində baş verib.
Həmçinin Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova da mövzu ilə bağlı fikirlərini saytımızla bölüşüb:
“Dondurulan ətlər, xüsusilə başqa ölkələrdən gətirilənlər, qiymətinə görə daha çox seçilsə də, keyfiyyəti və təhlükəsizliyi baxımından riskli məhsullar sırasındadır. Nəzərə almaq lazımdır ki, ət çürüməyə meylli qidadır və tez xarab ola bilər. Əgər başqa ölkədən gətirilən ətin dondurulması, soyuq zəncirdə saxlanması zamanı temperatur və saxlama rejimində dəyişiklik baş verərsə, ətin tərkibindəki bakteriyalar məsələn, Salmonella, E. coli və digər mikroorqanizmlər sürətlə çoxala bilər ki, bu da həmin əti istifadə edən insanlarda sağlamlıq problemlərinə səbəb ola bilər. Uzun müddət dondurulan məhsullar donu müəyyən temperatur rejimində dəyişərək açılıb yenidən dondurularsa, bu ətlər zəhərlənmə və həzm sistemi pozuntularına səbəb ola bilər. Belə ətlər daha çox kütləvi heyvandarlıqla məşğul olan ölkələrdə istehsal olunur. Orada heyvan kəsimi çox olduğundan maya dəyəri aşağı olur və ət digər ölkələrə daha ucuz qiymətə satılır. Əsasən bu cür dondurulan ətlər kolbasa, sosiska və digər ət məhsullarının istehsalı üçün nəzərdə tutulur. Onların uzun müddət saxlanması və daşınması üçün mənfi 18 dərəcəyə qədər, hətta daha aşağı temperatur tələb olunur. Evə gətirilən belə ətlər yaşı keçmiş və ya artıq süd verən inəklərin, yaxud kəsim vaxtı keçmiş heyvanların ətindən əldə oluna bilər. Bu səbəbdən belə ətlərin rəngi, dadı, görünüşü və keyfiyyəti təzə ətlərlə müqayisədə aşağı olur, buna görə də qiyməti ucuz olur. Uzun müddət xarab olmaması üçün bəzən bu ətlərə konservant və digər qoruyucu qatqılar əlavə edilir. Lakin bu maddələr uzunmüddətli istifadə zamanı allergiya və həzm sistemi pozuntularına səbəb ola bilər. Eyni zamanda, belə ətlərdə təbii ətdə olan vitamin, mineral və protein dəyəri daha aşağı olur və orqanizm üçün təzə, keyfiyyətli ət qədər faydalı deyil. Ona görə də alınacaq ət mənbəyi bilinən və etibarlı olmalıdır. Xüsusilə keyfiyyətinə görə heyvanın baytarlıq nəzarətindən keçməsi və saxlanma şəraitinin sanitar-gigiyena qaydalarına uyğun olması vacibdir. Soyuq zəncirdə və temperatur rejimində dəyişiklik olmamalıdır. Evdə də eyni qaydalara əməl olunaraq, dondurulmuş ətin donu açıldıqdan sonra yalnız bir dəfə istifadə edilməlidir”.
- Fidan Abbaszadə






