Azərbaycanda satışda olan bəzi kolbasa növlərinin tərkibində sağlamlıq üçün risk yarada bilən E kodlu qida əlavələrinin aşkarlanıb. Xüsusilə gündəlik qida rasionunda tez-tez istifadə edilən kolbasa və sosislərin tərkibi ilə bağlı suallar yenidən gündəmə gəlib.
Ən çox maraq doğuran məqam isə aldığımız kolbasanın içində həqiqətən ət varmı, yoxsa məhsul əsasən kimyəvi qatqılar və əvəzləyici maddələrdən ibarətdir? Ümumiyyətlə, E kodlu qida əlavəsi nədir və hansı məqsədlə istifadə olunur? Kolbasa alarkən istehlakçılar hansı detallara mütləq diqqət etməlidir?
Bütün bu suallarla bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Sfera.az-a geniş açıqlama verib. Onun sözlərinə görə, ümumiyyətlə, ət məhsulları ilk yarandığı vaxtdan daha çox uzaq yerlərdə və ya qidaya əlçatanlığın az olduğu yerlərdə, səyahətlərdə istifadə olunurdu və bir çox hallarda “delikates” qida kimi qəbul olunurdu.
“Gündəlik norma 50 qramdan artıq olmamaq şərti ilə qəbul olunurdu”, – deyən mütəxəssis bugün təəssüf ki, əksər insanların gündəlik qida kimi ət məhsullarından, kolbasa və sosiskalardan istifadə etdiyini vurğulayıb:
“Bu qida məhsullarının hazırlanmasında xüsusilə bir çox ucuz xammaldan və kimyəvi maddələrdən istifadə olunur. Bir çoxları isə Avropa İttifaqı tərəfindən E-kodlar şəklində tanınan maddələrdən istifadə edir, məsələn, E-250 (Natrium nitrit), E-252 (Kalium nitrat), E-300 (Askarbin turşusu), E-316 (Natrium eritrobat). Eləcə də E-450, E-451, E-452 kimi difosfatlar, trifosfatlar, polifosfatlar tərkibin elastik olması üçün istifadə olunur. E-621 isə əsrimizin bəlası monosodium qlutamat və ya mononatrium qlutamat, çinduzu kimi tanınır ki, bu da dadı gücləndirir, məhsulun gec xarab olmasını təmin edir və eyni zamanda asılılıq yarada bilər. Bu maddələr dünyanın bir çox yerlərində istehsal olunan kolbasa və sosiskalarda müəyyən dozada mütləq şəkildə istifadə olunur. Təbii ki, bunlar birinci növbədə yüksək risk qrupuna aid ət məhsullarıdır və tez xarab olmağa meyillidir. Tərkibində mikroorqanizmlərin yaranmasının və çoxalmasının qarşısını almaq üçün natrium nitritdən istifadə olunur ki, bu da bakteriyaların yaranmasının qarşısını alır və kolbasa və sosiskanın rəngini qoruyur. Ancaq çox miqdarda qəbul edildikdə orqanizm üçün ciddi zərərləri var. Birinci növbədə bağırsaq mikroflorasını pozur və immuniteti aşağı salır”.
Ekspertin sözlərinə əsasən, nitritlər kanserogen maddə olduğu üçün dozanı keçdikdə sağlamlıq üçün ciddi fəsadlar törədə bilir və uzun müddətli istifadəsi məsləhət deyil:
“Əksər qurudulmuş, fermentləşmiş ət məhsullarında istifadə olunan kalium nitrat da eyni funksiyalara malikdir. Nitritlərin zərərini azaltmaq üçün E-300 (askarbin turşusu, vitamin C) istifadə olunur. Bunun da digər maddələrlə qarşılıqlı təsiri orqanizmə müəyyən fəsadlar verə bilər. Təbii ki, sadalanan E-kodlar dünyada bir çox ölkədə istifadəsinə icazə verilsə də, müəyyən dozada və az miqdarda istifadə olunmalıdır. Uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olan insanlar və immun sistemi aşağı olanlar belə qıdalardan istifadə etməməlidir. Hətta müəyyən xəstəliklərin müalicəsi zamanı və immun sisteminin gücləndirilməsi zamanı ət və ət məhsullarının istifadəsi qida rasionundan çıxarılır. Çünki bunlar artıq faydalı qidalar deyil, emal olunmuş qidalar olduğuna görə tərkibində kimyəvi qatqı maddələrinin çox olması orqanizm üçün zərərlidir. Ancaq bir çox E-kodlar daha zərərlidir və istifadəsi daha çox qadağan olunub. Məsələn, E-123 süni qırmızı boyadır, E-128 rəngləndirici maddədir, E-216 və E-217 konservantdır və birbaşa hormon sisteminə təsir edir, E-171 isə titan dioksiddir və müxtəlif qidalara ağ rəng verici olaraq istifadə olunur ki, ət məhsullarında ümumiyyətlə istifadə olunmamalıdır. Yaxşı olar ki, bu maddələrdən istifadəyə yalnız normanı keçmədən diqqət yetirilsin. Əsas məsələ, məhsulu qəbul edib həddindən artıq çox istifadə etməmək və orqanizmi nitritli məhsullara məruz qoymamaqdır. Bu hallar keyfiyyətli emal olunmuş məhsullara aiddir”.
M.Hüseynova digər bir zərərli faktorun ət məhsullarında yeyilməyə yararlı olmayan hissələrin, bəzən dərisinin, piyin və tullantıların üyüdülərək məhsula qatılması olduğunu söyləyib:
“Bu, kimyəvi maddələrdən, rəngləndirici, dadlandırıcı və aromavericilərdən daha çox istifadə edilməsinə səbəb olur və sağlamlıq üçün böyük risk yaradır. Mütləq bilmək lazımdır ki, E-kodların hamısı zəhərli deyil. Müəyyən E-kodlar mənşəyinə görə istifadə oluna bilər, sadəcə düzgün və doğru miqdarda istifadə olunmalıdır. İstehlakçılar mütləq etiketləri oxumalı və ən azından ən zəhərli E-kodlar barədə məlumat sahibi olmalıdır. Mümkün qədər gündəlik qidada ömrü uzun olan konservatlardan istifadə olunan emal olunmuş məhsullardan çəkinmək tövsiyə olunur”.
- Fidan Abbaszadə






