Qurudulmuş dondurmalar: nə qədər təhlükəsizdir? – Mütəxəssis Məhsəti Hüseynovadan XƏBƏRDARLIQ:

0 Shares

Azərbaycanda son dövrlərdə mağaza və ticarət mərkəzlərində qurudulmuş (freeze-dried) dondurmaların satışı artmaqdadır və bu məhsullar qeyri-adi hazırlanma üsulu ilə seçildiyi üçün istehlakçıların marağına səbəb olur. Bu dondurmaların adi dondurmalardan əsas fərqi nədir və sağlamlıq baxımından hər hansı zərəri varmı?


Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Sfera.az-a açıqlamasında bildirib ki, bu gün satışda olan quru dondurmalar və ya sublimasiya olunmuş meyvələr trend halına gəldiyi üçün geniş şəkildə istifadə olunur.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu məhsullar gündəlik qida üçün nəzərdə tutulmur və daha çox ara-sıra delikates kimi qəbul edilməlidir:

“Xüsusilə səyahət zamanı və ya qidaya əlçatanlığın məhdud olduğu bölgələrdə karbohidrat mənbəyi kimi enerji təmin etmək üçün, eyni zamanda idmançılar üçün faydalı ola bilər. Buna baxmayaraq, bu qidalarda şəkər və kalori miqdarı yüksək olduğundan, yüngül atışdırmalıq kimi göründüyü üçün bəzən həddindən artıq miqdarda qəbul edilə bilər. Bu isə şəkər qəbulunun artmasına, qanda şəkər səviyyəsinin sürətlə yüksəlməsinə və nəticədə sağlamlıq risklərinin yaranmasına səbəb ola bilər. Eyni zamanda, məhsulların quru teksturası kiçik yaşlı uşaqlarda boğulma riski yarada, dişlərə yapışaraq diş çürüməsinə və diş minasının zədələnməsinə gətirib çıxara bilər. Bu səbəbdən xroniki xəstəlikləri olan şəxslər, xüsusilə şəkərli diabetdən əziyyət çəkənlər və azyaşlı uşaqlar bu məhsulları qəbul edərkən ehtiyatlı olmalıdırlar. Ümumilikdə, bir dəfəyə 20–30 qram qəbul edilməsi norma hesab olunsa da, mümkün sağlamlıq riskləri mütləq nəzərə alınmalıdır”.


Ekspert qeyd edib ki, digər vacib məqam isə bu məhsulların mənşəyinin bəlli və etibarlı yerlərdən alınmasıdır:

“Çünki bazarda trenddə olan bəzi məhsullar daha ucuz xammaldan istifadə edilməklə, gəliri artırmaq məqsədilə kimyəvi qatqılar, dadlandırıcılar və aludəedici maddələr əlavə olunaraq istehsal edilə bilər. Təbii meyvələr və təbii dadlandırıcılar daha baha başa gəldiyindən, bu cür əlavələr allergik reaksiyalara və daxili orqanların funksional pozuntularına səbəb ola bilər. Buna görə də istehlakçılar mütləq etiket məlumatlarını diqqətlə oxumalı, əlavə konservantlar, aromatizatorlar və süni dadlandırıcılar olan məhsullardan çəkinməlidirlər. Tövsiyə olunur ki, böyüklər bu məhsulları gündəlik deyil, həftədə bir-iki dəfə qəbul etsinlər. Qablaşdırmaya da xüsusi diqqət yetirilməlidir: məhsullar bağlanmış halda uzun müddət saxlanıla bilsə də, açıldıqdan sonra növünə və xüsusiyyətinə uyğun olaraq qısa müddətdə istifadə olunmalıdır. Saxlanma zamanı sərin, günəş şüalarından uzaq, hava keçirməyən şərait təmin edilməli və düzgün qablaşdırmadan istifadə olunmalıdır ki, məhsulun keyfiyyəti və vitamin tərkibi qorunsun”.

  • Fidan Abbaszadə