Azərbaycanın aqrar sahibkarları artıq yalnız istehsalla kifayətlənməyərək brend yaradan, bazarları araşdıran və innovativ yanaşmaları tətbiq edən güclü iqtisadi subyektlərə çevriliblər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, bu gün Azərbaycanda azad sahibkarlığın inkişafına dövlət tərəfindən dəstək verilir:
“Lakin xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar çox zaman qısa müddətdə daha çox qazanc əldə etməyə yönəlirlər və bununla da brend yaratmaq və məhsulun davamlı keyfiyyətini qorumaq kimi uzunmüddətli strategiyaları ikinci plana atırlar. Keyfiyyətli məhsul istehsalı, davamlılıq və brend yaratmaqla məşğul olan sahibkarların sayı isə hələ çox azdır. Keyfiyyətli məhsul istehsal edən sahibkarların qarşılaşdığı ən böyük problemlərdən biri xam malın keyfiyyəti və bazara çıxarılması prosesində qiymətin yüksək olmasıdır. Belə ki, keyfiyyətli məhsulların maya dəyəri daha yüksək olduğu üçün onların satış qiyməti də yüksək olur və nəticədə istehlakçı alıcılıq qabiliyyəti zəifləyir. Başqa çətinlik isə bu məhsullar üçün yetərli maliyyə vəsaitinin ayrılmasıdır. Tanıtım, reklam və PR fəaliyyəti üçün sahibkarlar kifayət qədər resurs ayıra bilmirlər. Bu da onların məhsullarını bazarda uğurla təmsil etməsinə mane olur.Digər tərəfdən, əkeyfiyyətsiz məhsul istehsalçıları daha ucuz xam mal və süni kimyəvi qatqılardan istifadə edərək öz məhsullarını daha sərfəli qiymətə sata bilirlər. Bu məhsullar daha çox reklam edilir və buna görə də istehlakçılar tərəfindən daha geniş tanınır. Bu, bazarda keyfiyyətli və sağlam məhsulların satışını çətinləşdirir, istehlakçı seçimlərini qeyri-sağlam və daha ucuz məhsullar üzərində cəmləşdirir. Kiçik və orta fermer təsərrüfatlarının əsas problemlərindən biri də peşəkar mütəxəssislərin azlığı və müasir texnologiyaların tətbiq edilə bilməməsidir. Məsələn, dünyada geniş istifadə olunan damla və pivot suvarma sistemləri aqrar sahədə məhsuldarlığı artırır və suyun israfını azaldır. Lakin bu texnologiyalar yerli fermer təsərrüfatlarında geniş tətbiq olunmur, çünki, pivot suvarma və digər yüksək texnologiyalar böyük maliyyə vəsaiti tələb edir”.
Qablaşdırma və etiketləmə sahəsində də ciddi nöqsanlar var:
“Keyfiyyətli kənd məhsulları belə plastik butulkalar və polietilen torbalarda satışa çıxarılır. Çarpaz çirklənmə və açıq hava şəraitində uzun müddət saxlanma halları çoxdur. İstehsal tarixi, tərkib, istehsalçı şirkət haqqında məlumatlar düzgün göstərilmir və ya tamamilə olmur. Yerli bazarda ilk növbədə qida təhlükəsizliyi, keyfiyyət və etiketləmə sahəsində ciddi islahatlara ehtiyac var. Bunun təmin edilməsindən sonra qanuni və beynəlxalq standartlara uyğun brendlər yaradaraq məhsullarımız dünya bazarına çıxarıla bilər. Bu sistemlərin tətbiq edilməsi üçün isə həm texniki bilik, həm də maliyyə resursu lazımdır. Bu da bir çox sahibkar üçün əlçatmazdır. Aqrar məhsulların beynəlxalq standartlara uyğun olması üçün müstəqil və operativ laborator analizlər çox önəmlidir. Təəssüf ki, regionlarda laboratoriyaların sayı çox azdır. Məhsulların təhlükəsizliyi, tərkibi və keyfiyyət göstəricilərinin operativ şəkildə yoxlanılması çətindir. Çox vaxt məhsulların analizi üçün paytaxta göndərilməsinə ehtiyac yaranır ki, bu da əlavə vaxt və xərc deməkdir. Bu vəziyyət kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxışı üçün böyük əngəl təşkil edir”.






