Bu ilin yanvar–oktyabr aylarında Azərbaycan 1,97 milyon ABŞ dolları dəyərində 310,33 ton qoyun əti idxal edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,4 dəfə, həcm baxımından isə 55 faiz çoxdur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, sağlamlıq baxımından tövsiyə olunan budur ki, istər heyvan mənşəli, istərsə də bitki mənşəli olsun, qida məhsulları insanın yaşadığı əraziyə ən çoxu 400 km məsafədə yetişdirilən və saxlanılan məhsullardan olsun:
“Belə məhsullar həm orqanizm tərəfindən daha asan həzm olunur, həm də daha rahat mənimsənilir ki, bu da sağlamlıq üçün faydalıdır. Əgər ölkədə müəyyən məhsullar yoxdursa və ya müəyyən səbəblərdən əldə etmək mümkün deyilsə, o zaman xaricdən gətirilməsi mümkündür. Amma bu zaman həmin məhsullar mütləq şəkildə keyfiyyətli olmalı və qida təhlükəsizliyi standartlarına uyğun olmalıdır. Əgər qoyun əti fərqli ölkələrdən gətirilirsə, bu zaman onun baytarlıq nəzarətindən keçməsi və ekoloji cəhətdən təmiz şəraitdə saxlanılması vacibdir. Əgər bu qaydalara əməl olunmursa, yəni baytarlıq nəzarəti, daşınma, saxlanma zamanı sanitar-gigiyenik normalar pozulursa, bu, ciddi problemlərə və hətta heyvan mənşəli xəstəliklərin insana keçməsinə səbəb ola bilər. Gömrük keçidlərində bu məhsullar yalnız baytarlıq nəzarəti ilə kifayətlənməməli, əlavə olaraq risk əsaslı laborator analizlər də aparılmalıdır. Satış zamanı düzgün markalanma, mənşə ölkəsi, kəsim tarixi, son istifadə müddəti və mümkün olduqda keyfiyyət və baytarlıq sertifikatları göstərilməlidir. Ət məhsulları qısa müddətdə saxlanılacaqsa, +0-4°C temperaturda, uzun müddətdə isə –18°C-də dondurulan şəkildə saxlanmalıdır.
Bu qaydalar pozularsa, məhsulda mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaranar ki, bu da həm məhsulun keyfiyyətinə, həm də insan sağlamlığına ciddi zərər vura bilər. Xaricdən gətirilən ətlərin çoxalması yerli kənd təsərrüfatına mənfi təsir göstərə bilər. Çünki bu ətlər bəzən yerli məhsullardan daha ucuz satılır və bu da yerli məhsullara olan tələbatı azaldır, nəticədə fermerlərin gəliri aşağı düşür. Bunun qarşısını almaq üçün keyfiyyətin artırılması, qiymətin bazar uyğun tənzimlənməsi və vaxtlı-vaxtında baytarlıq nəzarətinin gücləndirilməsi vacibdir. İnsanlara da tövsiyə olunur ki, mənşəyi məlum, nəzarətdən keçmiş, etibarlı mənbələrdən ət alsınlar”.
- Fidan Abbaszadə






