“24media.az”-ın növbəti müsahibi sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovadır. O, süni ət haqda danışıb.
-Süni ət nədir?
Son illərdə dünyada qida sahəsində inkişaf, yeniliklər baş verir. Bir çox qidaların daha süni variantları, eyni zamanda, heyvan mənşəli qidaların bitki mənşəli variantı hazırlanır ki, bunlardan biri də süni ətdir. Əgər süni ət düzgün şəkildə hazırlanırsa burda daha çox bitki əsaslı xammaldan istifadə edilir. Ənənəvi ətin dadı və teksturasını vermək, görünüşünü oxşatmaq üçün boyaq vasitəsi kimi fərqli bitkilərdən, paxlalılardan istifadə edirlər. Məsələn, soya, mərcimək, göbələk, çuğundur.
-Bəs süni ətin hansı faydalı və zərərli tərəfləri var?
Bu kimi məhsullar sağlamlıq baxımından insan orqanizmində fərqli reaksiyalar versə də bir çox hallarda ekologiya üçün sərfəli ola bilər. Çünki dünyada bir çox insanlar ənənəvi heyvandarlıq prosesindən istifadə etmir. Heyvanların qapalı məkanlarda saxlanılması, il boyu yem və su ilə təmin olunması və baxım proseslərində istifadə olunan kimyəvi dərmanlar var. Bunlar isə birbaşa ətraf mühitə müəyyən zərər vurur. Lakin bitki tərkibli qidalarda bu zərər ikiqat azalmış hesab olunur. Ətrafa atılan karbon emissiyasının azaldılması və iqlim dəyişikliyini səbəb göstərərək süni ətin çoxaldılması önümüzdəki bir neçə il sürətlə davam edəcək.
Süni ət bitki mənşəli olduğuna görə vitamin və minerallarla zəngindir. Lakin normal ətin tərkibindəki dəmir, fərqli mikroelementlər həmin süni ətin tərkibində olmaya bilər. Eyni zamanda, süni ətin tərkibdəki bitkilərə qarşı allergiyası, həssaslığı olan insanlar bu ətin yeyən zaman problem yaşaya bilər. Bəzi insanlar isə az kalorili, pəhriz qidaları qəbul edirlər ki, onların süni ətdən istifadəsi faydalı ola bilər. Süni ət təbii ətə nisbətən daha yaxşı həzm olunur. Bu da mədə-bağırsaq, həzm sistemində problemləri olan insanlar üçün faydalıdır.
~ Abbaszadə Fidan