Göbələk meşə sahələrində, yol kənarlarında və ağacların dibində tez-tez rast gəlinən bitkidir. Zaman-zaman insanlarda bu bitkidən zəhərlənmə halları baş verir, hətta ölümə gətirib çıxarır. Belə problemlər əsasən zərərli və zəhərli göbələklərdən qaynaqlanır.
Bəs, görəsən zərərli və zəhərsiz göbələkləri necə ayırd etmək olar?
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Missiya.Az-a açıqlamasında deyib ki, zəhərli göbələkləri tanımayanlar, ya da mənşəyi bəlli olmayan yerlərdən alınan xüsusilə də meşədə, təbiətdə insanların özləri tərəfindən yığılan göbələklər həmişə risk qrupunda olduğuna görə ümumiyyətlə onlardan istifadə etməsinlər:
“Zəhərli göbələkləri digərlərindən seçməyin bir neçə üsulu var. Bu onun görünüş və rənglərinə görə ola bilər. Çünki bəzilərində daha tünd rəngli, qırmızıya çalan rənglər var ki, bunlar zəhərli olur. Çox kəskin, xoşa gəlməyən qoxusu da var. Üzərində əgər ləkələr, hər hansı bir örtük mövcuddursa, daha rənglidirsə bunlar da zəhərlilik əlamətlərini özündə göstərir”.
Məhsəti Hüeynova əlavə edib ki, göbələk istehlak edən şəxslər mənşəyi bəlli olan yerlərdən alsınlar:
“Bişirərkən, saxlayarkən qida təhlükəsizliyinin əsas şərtlərindən olan sanitar-gigiyena normalarına əməl etsinlər, yeni və təzə bişirilmiş göbələklərdən istifadə etsinlər. Bir çox zəhərli göbələk növləri var ki, bunlar da zəhərsizləri ilə rənginə, quruluşuna görə oxşarlıq təşkil edir. Bu da bir çoxlarında çaşqınlıq yaradır. Nəticədə həmin bitkilərdən yeydikdən sonra zəhərlənmə və ölüm halları baş verə bilər. Zəhərlənmə hallarında ürəkbulanma, qusma, görmə qabiliyyətinin itməsi mədədə ağrı, ishal kimi hallar da müşahidə edilir. Yaxşı olar ki, özündə həmin simptomları hiss edənlər təxirə salmadan və təcili şəkildə həkimə müraciət etsinlər”.
~ Abbaszadə Fidan