3 ədədi 11 manata satılan toyuğun mənşəyi məlumdur? – SORĞU

broyler
broyler
0 Shares

“Toyuq ölkəmizdə ən çox yeyilən qidalardandır. Qonaqlıqları toyuq əti olmadan təsəvvür etmək mümkün deyil. Toyuq zülal, vitamin və mineral baxımından həm çox zəngin qidadır, həm də qırmızı ətə nisbətən asan həzm olunur. Yüksək zülal tərkibli pəhrizlərdə də ən çox toyuqdan istifadə olunur. Tərkibcə yağlılığı aşağı olduğuna görə qan təzyiqini tənzimləyir”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida mütəxəssisi Asim Vəliyev deyib.
Onun sözlərinə görə, toyuq yemək nə qədər faydalı olsa da, sənaye üsulu toyuqçuluğun zərərli tərəfləri də var: “Sənaye üsulu toyuqlarda antibiotik çox istifadə olunduğu üçün bakteriyaların dözümlülüyünü, müqavimətini artırır. İnsan da belə toyuqla qidalandıqda, faydalı bakteriyalar məhv olur. Qız uşaqlarının vaxtından əvvəl həddi-büluğ olmasına səbəb olur. Toyuqların tez acması və çəkisinin artması üçün arsenik istifadə edilir. Bu maddə də insanlarda xərçəngə səbəb olur”. Mütəxəssis sözlərinə davam edərək həmçinin qeyd edib ki, toyuq ətinin kişilərə zərərli olduğuna dair də bəzi araşdırmalar da mövcuddur: “Çünki sənaye üsulu toyuqçuluqda toyuqlara esterogen hormonu verilir. Bu da kişilərə mənfi təsir edir. Belə toyuqla çox qidalanan kişilərdə sinə böyüməsi, həmçinin saç və tük tökülməsi kimi hallar müşahidə olunur. Sənaye üsulu toyuqlarla qidalanmaq piylənməyə (obezitə), ürək-damar xəstəliyinə və diabetə də səbəb ola bilir.
Çox aşağı qiymətə satılan toyuqları yeməməyi tövsiyə edirik. Əsasən də, sənaye üsulu ucuz toyuqların necə yetişdirildiyi bir çoxlarımıza məlumdur. İmkan daxilində kənd toyuğuna daha çox üstünlük verilməlidir. 3 toyuq 11 manata kimi qida hiylələrindən uzaq durmaq lazımdır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da məsələ ilə bağlı münasibət bildirib: “Bu şəkildə ucuz qiymətə satılan toyuqlar təbii ki, broyler fabrikinin məhsulları deyil. Bəzi toyuqçuluq təsərrüfatlar var ki, burada digər broyler fabriklərinə vermək üçün yumurta hazırlayırlar. Bu təsərrüfatlarda olan toyuqlar yumurtlamayan, yaşlanmış, böyük olsa da sərt ətli olur. Həmin toyuqlar yumurta vermədiyinə görə onları kəsib, ucuz qiymətə satırlar. Əlbəttə ki, ev təsərrüfatında da bu cür toyuqlar bazara çıxarılır. Lakin onları baha qiymətə satırlar. Bu toyuqların tərkibində nəyin olub-olmaması, onlara hansı baytarlıq dərmanlarının vurulduğu məlum deyil. Açıq şəkildə satılan bu toyuqlardan insanlar uzaq durmalıdır. Qeyd edək ki, onların mənbəyi gec bişən və yumurtlamayan kürd toyuqlardır.
Təbii ki, istehlakçıların ucuz və keyfiyyətli məhsullar almasının tərəfdarıyıq. Lakin broyler toyuqları da bu məhsullardan daha az şübhəli deyil. Onların tək fərqi broyler toyuqlarının tam baytar nəzarətində olmasıdır.
Aprel ayı istehsalçılar üçün toyuq məhsulları sahəsində problemli bir vaxtdır. Belə ki, aprel ayında inkubatorlara yumurta qoyurlar. İnkubatorda 3 gün qalandan sonra hansı yumurtadan cücə çıxıb-çıxmadığı bilinir. Temperatura məruz qalmış mayasız yumurtalar geri qaytarılır. Aprel ayında həmin yumurtalar da bazara çıxarılır. Ona görə də əhali toyuq məhsulları alarkən daha çox diqqətli olmalıdır”.

Müəllif: Ləman Əlizadə