250 dönərxananın 249-da nöqsan aşkarlanıb – Onlar necə işləyirlər?

0 Shares

Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, son zamanlar dönərdən zəhərlənmələrin sayının çox olması belə monitorinqlərin həyata keçirilməsinin əsas səbəblərindən biridir. Amma monitorinqlərin keçirilməsi sevindirici hal olsa da, nəticə ürəkaçan deyil: 

“Monitorinqlərin nəticələri 99 faiz dönərxanaların insanlara bu zamana kimi keyfiyyətsiz qidaların satışının həyata keçirildiyini göstərir. Təbii ki, zəhərlənmə təhlükəli haldır. İmmun sistemi zəif, xroniki xəstəlikləri olan insanlarda, yaşlılarda, uşaqlarda özünü təhlükəli nəticələrlə göstərir. Onların içərisində xəstəxanaya qədər gedib çıxanlar, hətta, həyatını itirənlər də olur.

İmmun sistemi güclü olan insanlar həmin dönərləri yeyirlərsə, onlara da bu dönələrdən mikroblar, bakteriyalar keçir. Həmin anda özünü göstərməsə də, sonra problemlər ortaya çıxır. Müəyyən zamandan sonra həzm sisteminin, maddələr mübarizəsinin pozulması, heyvan ətlərindən insana keçən salmonella, bruselyoz kimi virusların illərlə sakit şəkildə qalıb davam etməsinə səbəb olur. Hər hansı sağlıq problemi ortaya çıxan zaman analizlər nəticəsində ortaya çıxır ki, həmin viruslara yoluxub. Bu kimi halların baş verməməsi üçün bu monitorinqlərin keçirilməsi zəruridir”.

Qida mütəxəssisi bildirdi ki, dönər satılan obyektlərin hər gün təmizlənməsi, məhsulların sanitar gigiyena qaydalarına əməl olunması, məhsulların mal qonşuluğu prinsipinə uyğun şəkildə saxlanılması, temperatur rejiminə əməl olunması mütləq vacibdir:

“Çünki bəzən kiçik bir yerdə bütün proseslər həyata keçirilir. Qış aylarında dönərin bişdiyi isti yerdə ketçup və mayonezlərin açıq şəkildə saxlanılması, istifadə olunan tərəvəzlərin düzgün şəkildə yuyulmadan istifadə olunması yolverilməz nüanslardır. Bu kimi hallar çox olduğuna görə, qaydalara uyğun olmayan dönər satış obyektlərinin fəaliyyətinə icazə verilməməlidir”.

  • Hüseynli Nərgiz