Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb ki, Rusiyadan idxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlanıb.
Belə ki, nəzarət tədbirləri çərçivəsində “Gourmeat” MMC-nin Rusiyadan idxal etdiyi “Bryansk Meat Company” şirkətinin istehsalı olan 21 ton “Miratorq” əmtəə nişanlı mal piyindən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında donuz DNT-si aşkarlanıb.
Faktla bağlı məhsul partiyası barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib.
Bu cür məhsulların hansı zərərləri var?
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında bildirib ki, AQTA-nın apardığı monitorinqlərin nəticələri bir çox hallarda istehlakçıları sevindirmir:
“Çünki fərqli-fərqli məhsullarda insan sağlamlığına zərər vura biləcək nöqsanlar aşkar olunur ki, bu da istehlakçılarda ciddi narahatlıq yaradır. Axı qida təhlükəsizliyi təkcə dövlətin işi yox, həm də cəmiyyətin məsuliyyətli olması deməkdir. Nəzərə alaq ki, gələcək nəslin sağlam böyüməsində bugünkü qidaların böyük rolu var. Ona görə də təməl məhsullar var, məsələn yağlar və bəzi qidalar var ki, onlara xüsusi diqqət yetirməliyik.
Bu məhsulları alarkən diqqətli olmalıyıq. Etiket kağızlarını hökmən oxumaq lazımdır. Rusiyadan gətirilən heyvan piylərində uyğunsuzluğun aşkar edilməsi sübut edir ki, bazarlarımız hələ də keyfiyyətli məhsullarla tam təmin olunmayıb. Ona görə də diqqətli olmalıyıq. Aldığımız məhsulun hətta hansı ölkədə istehsal edildiyinə də diqqət etməliyik. Kərə yağı və yaxud digər məhsul alırıqsa ən azından onun tərkibinin 70 faizinin uyğun gəldiyinə əmin olmalıyıq”.
Müsahibimiz hesab edir ki, marifləndirməni gücləndirmək lazımdır:
“Çox təəssüf ki, insanların çox az qismi aldıqları məhsulun mənşəyinə, uyğunluğuna, istehsal və son istifadə tarixinə baxır. Ən çox diqqət edilən məqamsa məhsulun qiymətidir. Münasib qiymətə nə olsa, alırıq. Amma unuduruq ki, qiymətdən vacib olan məhsulun keyfiyyətidir. Ucuz və keyfiyyətsiz məhsul sonda bizim həm maddi, həm də sağlamlıq durumumuza ciddi şəkildə təsir edir”.
“İstehlakçılar diqqətli olmalıdır”
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, son vaxtlar kərə və heyvan yağlarında uyğunsuzluqların qeydə alınması təəssüf doğurur:
“Çünki bunlar ən çox istehlak olunan məhsullar sırasındadır. 21 ton kifayət qədər böyük rəqəmdir. Bu onu deməyə əsas verir ki, ölkəmizə uyğunsuz və aşağı keyfiyyətli məhsullar gətirilir. Nəzərə alaq ki, AQTA-nın heç də bütün gömrük məntəqələrində nümayəndələri yoxdur. Bildiyim qədərilə cəmi iki gömrük-keçid məntəqəsində AQTA fəaliyyət göstərir. Ona görə də hər bir istehlakçı diqqətli olmalı, aldığı məhsulların üzərindəki məlumatları diqqətlə oxumaldır”.
- Abbaszadə Fidan