14 sm-dan kiçik ölçülü bananların ölkəyə girişi qadağan edilir — Səbəb? – Mütəxəssis Məhsəti Hüseynova AÇIQLADI:

0 Shares

Banan çoxlarının sevdiyi meyvədir, amma tez-tez plantain ilə qarışdırılır. Rusiyaya idxal edilən bananlar üçün 2026-cı il martın 1-dən yeni dövlət standartı (ГОСТ/QOST) qüvvəyə minəcək. Rusiyaya idxal edilən hər bir bananın uzunluğu ən azı 14 santimetr olmalıdır. Bundan kiçik meyvələrin satış məqsədilə ölkəyə girişi qadağan edilir. İdxal zamanı bananların yaşıl və ya açıq yaşıl rəngdə olması icbaridir. Sarı (artıq yetişmiş) bananların idxalı məhdudlaşdırılır. Məqsəd meyvələrin istehlakçıya çatana qədər Rusiyadakı xüsusi anbarlarda yetişməsini təmin etməkdir.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu barədə Demokrat.az-a açıqlamasında deyib ki, plantain çiy şəkildə çox təsadüf olunmur, çünki onu istifadə etmək, yemək üçün mütləq bişirmək lazımdır:

“Bu, bir növ bananə bənzəsə də, ancaq bişirilən məhsuldur və bananla nisbətən şirinliyi olmur. Nişasta miqdarı daha çoxdur tərkibində, daha sərtdir. Bəzən olur ki, çərəzlər, quru meyvələr satılan yerdə qurudulmuş halda olanı olur ki, bəzən bu, bananla qarışdırılır. Əgər keyfiyyətli şəkildə hazırlanıbsa, insanlar istifadə edə bilər, heç bir problem yoxdur. İstər plantaində, istər bananda birbaşa olaraq hormon balansına təsir etmir və yalnız burada istər plantainin nişasta miqdarının çox olması və bananın şəkər miqdarının çox olması müəyyən xroniki xəstəlikləri olan, xüsusilə şəkərli diabetdən əziyyət çəkənlər üçün müəyyən fəsadlar törədə bilər ki, bu məqamda diqqət olunmalıdır.

Bananla bağlı standartlar var, burada onun daha çox kateqoriyasına uyğun düzgün sortlanmasıdır. Burada birinci A kateqoriyalıdır, bu, ekstra, yüksək keyfiyyətli hesab olunur. Daha sonra birinci klas, sonra ikinci klasdır. Bu, onların ölçüsünə, uzunluğuna, ümumi görünüşünə, xüsusilə qabığında müəyyən defektlərin, çatların, ləkələrin olması və saplaqların parametrlərinə görə təyin olunur. Standartlarda onun rəngi də ən önəmli məsələlərdən biridir. Çünki bir çox hallarda banan artıq tam yetişmiş şəkildə gəlirsə və yaxud da sapsarıdırsa, o, tez müddətdə xarab olur. Ona görə açıq yaşıl, kal şəkildə olması ən önəmli məsələlərdən biridir ki, bu da onun daha uzun müddət qala biləcəyini göstərir və saxlanıldığı yerdə yetişir. Bəzən olur ki, belə gələn bananlar saxlanılmaya görə də həmin parametrlərə əsasən siniflərə bölünür”.

O bildirib ki, səliqəli olmalıdır, bütöv olmalıdır, çürümüş hissəsi olmamalıdır, bircins rəngdə olmalıdır:

“Zədələnmiş, əzilmiş olmamalıdır. Kal şəkildə tam yetişməmiş olduğuna görə saplağını kəsəndə lateks adlı südə bənzər maddə ifraz olunursa, bu normaldır və onun təbii tərkibi ilə bağlıdır. Qopardıqda saplağın qabıqdan asanlıqla qopmaması lazımdır. Əgər asanlıqla qopursa, bu, artıq uzun müddət saxlanıldığını, köhnə olduğunu göstərə bilər. Ölçülərinə görə də fərqlidir. Ümumiyyətlə, 14 sm-dən az olmamalıdır və bu ölçüyə görə də müəyyən kateqoriyalara bölünür. Əsas olaraq kaliumla zəngin olduğuna görə ürək üçün çox faydalıdır, ancaq böyrək xəstəlikləri olanlar diqqətli olmalıdır. Çünki kaliumu çox miqdarda qəbul etdikdə böyrəyə zərər verə bilər. Tərkibində B vitamininin, xüsusilə B6-nın olması mərkəzi sinir sisteminin funksiyasını yaxşılaşdırır, eləcə də əhval-ruhiyyəyə müsbət təsir edir. Lifli olduğu üçün bağırsaqlar üçün faydalıdır”.

Onun sözlərinə görə, şəkərli diabet zamanı çalışmaq lazımdır ki, qəbul edilirsə, günün birinci yarısında və çox yetişmiş banan olmasın:

“Bir ədəddən artıq qəbul olunması tövsiyə edilmir. Əgər bəzi insanlar gün ərzində 2-dən artıq, yaxud 3-4 ədəd qəbul edirsə, bu artıq balanssız qidalanma hesab olunur və müəyyən fəsadlara səbəb ola bilər. Çünki kalorili qidadır və yüksək miqdarda qəbul edildikdə artıq çəki almağa səbəb ola bilər. Hər hansı hormonla bağlı fakt yoxdur və valideynlər bu barədə narahat olmamalıdır. Hormon sisteminə təsir etmir. Tərkibində hormona bənzər fitohormonlar, bitki hormonları var ki, bu da orqanizmdə hər hansı əks təsir və ya fəsad törədə bilməz. Sadəcə diqqət olunmalı əsas məqam var ki, bəzən texniki bananların satışı ola bilər. Bu zaman zərərləri ola bilər. Onlar daha çox yaşıl mərhələdə yığılır və bəzən insan qidası üçün deyil, heyvan yemləri üçün nəzərdə tutulur. Tam yetişməmiş halda və ya yetişdirilmə zamanı kimyəvi maddələrdən istifadə olunubsa və bu maddələr tərkibdə qalırsa, zərər verə bilər. Digər hallarda təhlükəsi yoxdur. Mütləq şəkildə ölkəyə daxil olan və ya ölkədə yetişdirilən məhsullar nəzarətdən keçmiş satış nöqtələrindən alınmalıdır”.

  • Fidan Abbaszadə